Rober Lepajın "Hamlet - Danimarka Şahzadəsi" xoreoqrafik dramı nümayiş etdirildi - FOTO

10 Noyabr 2025 21:10

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Hamlet - Danimarka Şahzadəsi" (Hamlet -
Prince of Denmark) xoreoqrafik tamaşası nümayiş etdirilib.

Əfsanəvi rejissor Rober Lepajın (Robert Lepage), Kanadanın mədəniyyət şirkəti EX Machina və məşhur xoreoqraf-rəqqas Qiyyom Kotenin(Qiyyom Kote) Côté Danse truppasının birgə layihəsi olan tamaşanın premyerası 8 və 9 noyabr 2025-ci il tarixlərində Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF) çərçivəsində baş tutub.

Klassik teatrı, müasir xoreoqrafiyanı və mürəkkəb vizual effektləri birləşdirən məşhur Şekspir
faciəsinin bu plastik təfsiri klassik dramı yenidən canlandırıb və tamaşaçıları qəhrəmanların
mürəkkəb, ziddiyyətli dünyasına qərq edib.

Maraqlıdır ki, Bakı tamaşaçıları Lepajın yeni işini əksər Avropa tamaşaçılarından xeyli əvvəl izləyə
biliblər. Əslində, 2024-cü ilin aprelində Torontoda (Kanada) keçirilən dünya premyerası və 2024-
cü ilin mayında Rumıniyada keçirilən Avropa premyerasından sonra tamaşa Avropada qastrol
səfərində olmayıb. Buna görə də Bakı onu Paris də daxil olmaqla bir çox Avropa paytaxtlarından
əvvəl görüb.

Tamaşa iki məşhur Kanada sənətçisi: sirkdən operaya, kinodan rəqsə qədər müxtəlif janrlar
arasında keçidlər etmək ustalığı ilə məşhur olan kult rejissor Robert Lepaj və istedadlı xoreoqraf-
rəqqas Qiyyom Kotenin ittifaqının nəticəsidir.

Lepajın bu versiyası Şekspirin məşhur faciəsinin üçüncü təfsiridir. Lakin əvvəlki işlərdən fərqli
olaraq, bu dəfə tamaşada əsas diqqət plastik ifadəyə - rəqsə yönəldilmişdir.

Robert Lepaj ədəbi mənbə seçimi haqqında belə şərh verib: ""Hamlet" Şekspirin əsərləri
arasında mənim ən çox sevdiyim pyeslərindən biridir, ümumiyyətlə ən çox sevdiyim əsərdir. Bu
çox dərin bir əsərdir, buna görə də "Hamlet" mövzusunu qapatdığınızı heç vaxt deyə bilməzsiniz.
Həmişə yeni bir qapı tapmaq imkanı var."

Quruluşun kreativ assistenti Anisa Teipper(Anisa Tejpar), nümayişlərdən əvvəl jurnalistlərlə
görüşərək rejissorun fikrini təsdiqləyir: "Yaratdığımızın özəlliyi ondadır ki, biz sözləri tamamilə
çıxarmışıq. Hər şey bədən vasitəsilə danışılır. Bu, bütün dünyada tamaşaçılar üçün aydın olan saf,
instinktiv emosiyadır."

Tamaşanın qastrolları Bakı tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb, biletlər
nümayişlərdən xeyli əvvəl satılıb, bu da festivalın yüksək bədii dəyərini bir daha nümayiş etdirir.
Bu cür tamaşalar Bakıdan kənara çıxmadan dünya mədəniyyət konteksti ilə tanış olmaq üçün
nadir bir fürsətdir.

Milli.Az