6 il sonra tarixi görüş baş tutdu - 2 saat müzakirə apardılar - VİDEO

30 Oktyabr 2025 10:28

Çin lideri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın Busan şəhərində bir araya gəliblər.

Milli.Az xəbər verir ki, görüş zamanı tərəflər Çin-ABŞ münasibətləri, eləcə də, qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər barədə fikir mübadiləsi aparıblar. Busanda Si Cinpinlə Donald Tramp arasında keçirilən danışıqlar 1 saat 40 dəqiqə davam edib. 

Gömrük rüsumları azaldıldı

Görüşdən sonra Donald Tramp Çin məhsullarına tətbiq edilən gömrük rüsumlarının 57 faizdən 47 faizə endiriləcəyini açıqlayıb. ABŞ və Çin nadir torpaq elementləri və kritik minerallar üzrə birillik ticarət razılaşmasına da imza atıblar.

Ticarət münasibətlərində yumşalma

Yeni razılaşma iki ölkə arasında illərdir davam edən ticarət gərginliyini azaltmağa yönəlib. Tramp həmçinin fentanil idxalında verginin 10 faizə endirildiyini və nadir torpaq elementləri üzərindəki məhdudiyyətlərin aradan qaldırıldığını bildirib.

Si Cinpindən "dostluq və əməkdaşlıq" mesajı

Si Cinpin görüşdə Çin ilə ABŞ-ın "dost və tərəfdaş" olmasının vacibliyini vurğulayıb. O, "Çinin inkişafı ABŞ-ın 'Amerikanı yenidən böyük etmək' vizionu ilə ziddiyyət təşkil etmir" deyərək iki ölkə liderlərinin münasibətləri doğru istiqamətdə saxlama məsuliyyətini daşıdığını qeyd edib.

Donald Tramp isə Çin liderini "böyük bir ölkənin böyük rəhbəri" kimi dəyərləndirərək iki ölkə arasında uzunmüddətli və güclü əməkdaşlığın mümkünlüyünə inandığını bildirib. "Bu, sadəcə başlanğıcdır. Yeni ticarət razılaşması yoldadır," - deyə Tramp vurğulayıb.

ABŞ və Çin həmçinin Ukrayna mövzusunda birgə iş planı üzərində razılığa gəliblər. Bu addım, iki böyük güc arasında diplomatik yaxınlaşmanın daha da dərinləşdiyinə işarə sayılır.

Busan görüşü ABŞ-Çin münasibətlərində gərginliyin azaldığı, xüsusilə texnologiya və xammal bazarlarında qiymətlərin sabitləşəcəyi bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Ekspertlərə görə, bu razılaşma iki ölkə arasında ticarət əlaqələrinin bərpası və dünya bazarlarında sabitliyin güclənməsi baxımından mühüm addımdır.

Qeyd edək ki, tərəflər sonuncu dəfə 2019-cu ildə Osakada G20 sammiti çərçivəsində görüş keçiriblər.

Fidan
Milli.Az