2024-cü və 2025-ci illərdə yaradılmış iki KOB klaster şirkətində ümumilikdə 20-dən çox KOB subyekti birləşəcək. Bu KOB subyektləri təbii meyvə konsentratı və nəqliyyat vasitələrinin mühərrikləri üçün sürtkü yağı istehsal edəcək KOB klaster şirkətlərini müxtəlif mal və xidmətlərlə təmin edəcək.
Milli.Az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məlumatında qeyd olunub.
Bildirilib ki, mövcud və gələcəkdə yaradılacaq KOB klaster şirkətlərinin iştirakçısı olmaq istəyən KOB subyektləri müvafiq şirkətlərə, eləcə də əlaqələndirmə dəstəyi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər ([email protected] elektron poçt ünvanına və ya https://smb.gov.az/az/contact-form/aze-citizen rəsmi internet səhifəsi üzərindən birbaşa).
Qeyd edək ki, KOB klasterinin iştirakçısı olan sahibkarların 7 il müddətinə KOB klaster şirkətinə təqdim etdiyi mal mənfəət və ya gəlir vergisindən tam azad olunur. "KOB klaster şirkəti şəhadətnaməsi" almış sahibkar isə 7 il müddətinə mənfəət və ya gəlir vergisindən, torpaq və əmlak vergisindən, müvafiq təsdiqedici sənəd əsasında layihə çərçivəsində xaricdən idxal etdiyi texnika, texnoloji avadanlıq və qurğular üzrə ƏDV-dən tam azad olunur.
KOB klaster - eyni və ya oxşar iqtisadi fəaliyyət sahələrində, müəyyən coğrafi bölgədə yerləşmə əsasında yaranan, işçi qüvvəsini, vahid bazarı və xidmətləri bölüşən, qarşılıqlı iqtisadi münasibətlər quraraq əlaqəli, bir-birini tamamlayan və birgə fəaliyyət göstərən KOB klaster şirkəti və KOB klaster iştirakçılarının məcmusudur. KOB klasterinin iştirakçısı isə KOB klasterində fəaliyyət göstərmək üçün KOB klaster şirkəti ilə müqavilə bağlamış, mikro, kiçik və orta sahibkarlıq subyekti olan və KOBİA tərəfindən KOB klasterinin iştirakçısı şəhadətnaməsi verilmiş hüquqi və ya fiziki şəxslərdir. KOB klasterin iştirakçısı azı 10 mikro, kiçik və ya orta sahibkarlıq subyektindən ibarət olduğu üçün bu mexanizm iqtisadiyyatın müxtəlif sektorları üzrə KOB-ları bir araya gətirməklə onlar arasında əlaqə yaradır.
KOB klasterin yaradılmasına dövlət dəstəyi, o cümlədən güzəştlər, KOB klaster şirkəti şəhadətnaməsini almaq üçün lazım olan sənədlər barədə məlumatı KOBİA-nın saytından (https://smb.gov.az/az/nav/kob-klaster) və ya 131 Çağrı Mərkəzindən öyrənmək olar.
Milli.Az