Çernobılda mavi itlər peyda oldu - FOTO

29 Oktyabr 2025 10:20

Çernobıl yaxınlığında bir neçə itin tüklərinin mavi rəngə çevrilməsi bölgədə çalışan işçiləri təəccübləndirib.

Milli.Az xəbər verir ki, hadisə bu ay Çernobıl qadağa zonasındakı itlərə qayğı göstərən "Dogs of Chernobyl" adlı xeyriyyə təşkilatı tərəfindən qeydə alınıb.

Təşkilatın məlumatına görə, sterilizasiya prosesi zamanı üç itin tamamilə mavi tüklü olduğu aşkar edilib. Qrup sosial şəbəkədə paylaşım edərək vəziyyətin səbəbinin hələ də naməlum olduğunu bildirib.

Həmin itlərin aktiv və sağlam görünməsi diqqət çəkib.

"Hal-hazırda səbəbi bilmirik. Ehtimal olunur ki, itlər hansısa kimyəvi maddə ilə təmasda olublar," - təşkilatın nümayəndəsi açıqlayıb.

Maraqlıdır ki, yerli sakinlər itlərin tüklərinin bir həftə əvvəl normal rəngdə olduğunu deyiblər. 

Qeyd edək ki, "Dogs of Chernobyl" 2017-ci ildən fəaliyyət göstərir və hər il qadağa zonasında yaşayan təxminən 700 itə tibbi yardım və yemək təmin edir. Bu itlər 1986-cı ildə Çernobıl faciəsindən sonra evlərini tərk etməyə məcbur olan insanların geridə qoyduğu ev heyvanlarının nəsilləridir.

İsmayıl
Milli.Az