Analizə gedənlər bunu mütləq bilməlidir, yoxsa cavablar səhv çıxa bilər

29 Oktyabr 2025 08:00

Vitamin və bioloji aktiv qida əlavələri xəstəliklərin düzgün diaqnozuna və müalicəyə mane olur.

Milli.Az xəbər verir ki, bunu rusiyalı terapevt Olqa Çistik bildirib.

"Ən çox dəmir, D vitamini və biotin qəbul edən insanlarda analizlərdə yanlış nəticələr müşahidə olunur. Əgər analizdən bir gün əvvəl dəmir tableti qəbul etsəniz, qanda dəmirin səviyyəsi süni şəkildə yüksələcək, halbuki orqanizmdə ehtiyat az qala bilər. Biotin isə qalxanabənzər vəz hormonları ilə bağlı analizlərə mane olur və nəticədə həkimlər səhv diaqnoz qoya bilərlər", - deyə Çistik bildirib.

Həkim əlavə edib ki, omeqa-3, kurkumin və C vitamini orqanizmdə iltihabı göstərən C-reaktiv zülalın səviyyəsini müvəqqəti azaldır. Bu zaman xəstəlik qalır, amma analizlər "sağlam" nəticə göstərir.

Bəzi bitki tərkibli əlavələr, məsələn, yaşıl çay ekstraktı qaraciyər fermentlərini artıraraq orada problem varmış kimi görüntü yaradır.

Çistik vurğulayıb ki, vitaminlərin həddindən artıq qəbulu zərərlidir. D vitamini normadan çox olduqda böyrəklərdə daş əmələ gətirə bilər. A vitamini artıq qəbul edildikdə dərinin qurumasına, saçın tökülməsinə və sümük ağrılarına səbəb olur. Yodun çoxluğu qalxanabənzər vəzinin fəaliyyətini pozur.

Xüsusilə böyrək, qalxanabənzər vəz, həzm orqanları və safra yolları xəstəlikləri olanlar, eləcə də hamilələr və yaşlılar bu əlavələri ehtiyatla qəbul etməlidirlər.

Dəqiq nəticə üçün həkim məsləhət görür:

Həkim məsləhət görür ki, bütün qəbul edilən vitamin və əlavələr barədə mütləq həkimə məlumat verilməlidir, əks halda analizlər yanıltıcı ola bilər.

İsmayıl
Milli.Az