Monteneqroda azərbaycanlının adı keçən hadisə: 45 nəfər saxlanıldı, 8-i deport edildi - FOTO

28 Oktyabr 2025 09:26

Monteneqronun paytaxtı Podqoritsada, Zabjelo məhəlləsində oktyabrın 25-də baş verən bıçaqlanma hadisəsində Azərbaycan vətəndaşının da adı keçir.

Milli.Az xəbər verir ki, yayılan xəbərlərdə hadisənin Azərbaycan və Türkiyə vətəndaşları tərəfindən törədildiyi bildirilir.

Polis açıqlamasında qeyd olunub ki, bıçaqlanmadan sonra şübhəlilər - 31 yaşlı Azərbaycan vətəndaşı Y.G. və 54 yaşlı Türkiyə vətəndaşı N.D. saxlanılıb.

Monteneqro mətbuatında yer alan xəbərlərə görə, polis həmçinin daha 45 Türkiyə vətəndaşını da saxlayıb.  Ümumilikdə, 45 nəfər müvəqqəti olaraq polis nəzarətinə alınıb, onlardan 8 nəfər deportasiya edilib, 2 nəfərə isə məhkəmə nəzarəti tədbiri tətbiq olunub.

Hadisədən sonra Azərbaycan və Türkiyə icmalarına qarşı etiraz aksiyaları və hücum cəhdləri qeydə alınıb.

Türkiyə Xarici İşlər Nazirliyi insident barədə bəyanat yayıb:

"Ötən həftə sonu Monteneqroda vətəndaşlarımıza da təsir edən bəzi təəssüf doğuran hadisələr baş verdi.Hadisələr başladıqdan dərhal sonra Monteneqro hakimiyyəti ilə əlaqə quruldu və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görüldü.Hadisələr bütün aspektləri ilə yaxından izlənilir və Monteneqro hakimiyyəti ilə əlaqə və koordinasiya fasiləsiz davam edir" .

Qeyd edək ki, Baş nazir Miloyko Spayiç isə artan gərginlik səbəbilə Türkiyə vətəndaşlarına vizasız girişin müvəqqəti dayandırıldığını açıqlayıb.

Xatırladaq ki, oktyabrın 16-da Monteneqro polisi Podqoritsa sakinini bıçaqlamaqda şübhəli bilinən iki Türkiyə vətəndaşını saxlayıb. İnsidentdən sonra hadisə yerinə yüzlərlə insan toplaşıb və miqrantlara qarşı şüarlar səsləndiriblər. 

Fidan
Milli.Az