“Azəristiliktəchizat”ın yığılmış zərəri 133 milyonu ötüb

28 Oktyabr 2025 09:02

"Azəristiliktəchizat" ASC-nin toplanmış zərərinin məbləği açıqlanıb.

Milli.Az xəbər verir ki, bu barədə iqtisadiyyat.az portalı, qurumun 2024-cü ilin sonuna olan maliyyə hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, şirkətin yığılmış zərəri 133 milyon 34 min manat təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 5,37 faiz artım deməkdir.

Hesabata əsasən, "Azəristiliktəchizat" ASC 2024-cü ili 6 milyon 785 min manatlıq xalis zərərlə başa vurub.

2025-ci ilin yanvarın 1-nə olan məlumata görə, şirkətin ümumi aktivləri 149 milyon 364 min manat, ümumi öhdəlikləri 84 milyon 178 min manat, ümumi kapitalı isə 65 milyon 186 min manat olub.

Xatırladaq ki, "Azəristiliktəchizat" ASC ölkədə mərkəzləşdirilmiş istilik və isti su təchizatı xidmətləri göstərən, səhmlərinin tamamilə dövlətə məxsus olan bir qurumdur.

Şirkətin nizamnamə kapitalı 136,685 milyon manat səviyyəsindədir. "Azəristiliktəchizat" paytaxt Bakı ilə yanaşı, regionlarda da yaşayış binalarını, təhsil və səhiyyə müəssisələrini, eləcə də digər sosial obyektləri istiliklə təmin edir.

Milli.Az