Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı və Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə 20-31 oktyabr tarixlərində Qarabağ bölgəsində keçirilən "Mədəniyyət rüzgarı" tədbirlər silsiləsi davam edir.
Layihə çərçivəsində Ağdam Dövlət Dram Teatrında (Quzanlı qəsəbəsi) "Regionlarda peşəkar teatr dərsləri" layihəsi üzrə ustad dərsləri təşkil olunub.
Layihənin keçirilməsində əsas məqsəd kollektivin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, aktiv yaradıcı mühitin formalaşdırılması və səhnə sənəti ilə bağlı çağdaş tendensiyaların diqqətə çatdırılmasıdır.
Nəzəri-praktik ustad dərsləri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Dram rejissoru və səhnə plastikası kafedrasının dosenti Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov və MEMİM-in əməkdaşı teatrşünas Dağlar Yusif tərəfindən aparılıb.
Dərslər teatrın kollektivi tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Xatırladaq ki, MEMİM-in "Regionlarda peşəkar teatr dərsləri" layihəsi 2024-cü ilin oktyabr ayından həyata keçirilir. Layihə üzrə ötən il Qusar Dövlət Ləzgi Dram və Lənkəran Dövlət Dram teatrlarında, bu il isə Qax Dövlət Gürcü Dram və Qazax Dövlət Dram teatrlarında ustad dərsləri təşkil olunub.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az