Gəncə şəhərində fəaliyyət göstərən 2 saylı uşaq bağçası yenidən qurulur

30 İyul 2012 21:05
Milli.Az Kəpəz TV kanalına istinadən xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin xətti ilə uzun illərdən bəri əsaslı yenidənqurmaya ehtiyac duyulan 2 saylı uşaq baxçasının binası yenisinin tikilməsi üçün sökülüb. Həmin binanın yerində iki mərtəbəli məktəbəqədər təhsil
müəssisəsi inşa ediləcək.

Gəncə Şəhər Təhsil İdarəsindən verilən məlumata görə yaxın günlərdə həmin yerdə yeni bağça binasının tikintisinə başlanılacaq. Sözügedən bağça isə öz fəaliyyətini 31 saylı bağçanın binasında davam etdirir. Yeni tikiləcək uşaq bağçası müasir standartlara cavab verəcək. Yeni bağça binasında qrup otaqlarının sayı artırılacaq. Yeni bağça binasının bir ilə istifadəyə verilməsi planlaşdırılır.

Məktəbəqədər təlim-tərbiyə müəssisəsinin tikintisi yekunlaşdıqdan sonra həyətdə yaşıllıq zolağı salınacaq, skamyalar və müxtəlif əyləncə qurğularının quraşdırılması da planlaşdırılır. Tikinti işlərinin 2013-cü ilin əvvəlinədək yekunlaşacağı gözlənilir. 2 saylı uşaq bağçası ilə yanaşı, Gəncədə fəaliyyət göstərən digər uşaq bağçalarının da əsaslı təmiri nəzərdə tutulub.

Gəncə Şəhər Təhsil İdarəsindən verilən məlumata görə 2013-cü ildə Sadıllı qəsəbəsində 2, Cavadxan qəsəbəsində 2, Məhsəti qəsəbəsində 1, Natəvan qəsəbəsində 2 bağça olmaqla ümumilikdə 7 yeni bağçanın tikilərək istifadə verilməsi planlaşdırılır.

Milli.Az