Bakıda payız nostaljiyası: sənətçilərin duyğulu ifaları - FOTO

26 Oktyabr 2025 18:32

Bakı Musiqi Akademiyasının Opera studiyasında "Ötən illərin mahnıları" adlı səmimi və zövqlü musiqi axşamı keçirilib. Konsertdə Əməkdar artist Teymur Əmrah, tanınmış ifaçılar Almaxanım Əhmədli və Zabitə Əliyeva səhnəyə çıxıb. Xüsusi qonaq isə Ülvi Qılınc olub.

Axşam payızın ilham dolu səhnəsində nostalji hissləri ilə yadda qaldı: pəncərələrdən süzülən qızılı yarpaqlar zamanın sürətlə keçdiyini xatırladırdı, zalın yumşaq işığı isə isti və rahat bir atmosfer yaratmışdı. Canlı musiqi, tanış melodiyalar və ifaçıların duyğulu çıxışları tamaşaçıları uşaqlıq və gənclik xatirələrinin dünyasına aparırdı.

Gecə boyu səhnədən səslənən mahnılar tamaşaçılar üçün tanış və sevimli idi. Keçmiş illərin hitləri və Azərbaycan estrada musiqisinin qızıl fonduna daxil olan əsərlər canlı ifa olunub. Hər bir çıxış zalda səmimi alqışlarla qarşılanıb və məkan nostalji və istiliklə dolub. Canlı ifa, ifaçıların duyğulu interpretasiyaları və səmimiyyəti konsertə xüsusi rəng qatıb. Onlar keçmiş dövrün ruhunu tamaşaçılara hiss etdirə biliblər. Bir çox musiqisevərlər üçün bu axşam xatirələrə səyahət oldu; musiqi isə nəsilləri birləşdirərək zamanla körpü rolunu oynadı.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az