Masallıda həkimlərə görə körpə infeksiyaya yoluxub? - Açıqlama

25 Oktyabr 2025 13:13

"Övladım dünyaya gələndən 2 gün sonra infeksiyaya yoluxub. Uşağımın bu hala düşməsində günahkar həkimlərdir".

Milli.Az bildirir ki, bu iddia ilə Masallı rayon Rüdəkənar kənd sakini Elçin Ağayev müraciət edib. 

Sakinin sözlərinə görə oktyabrın 1-də Masallı rayon Mərkəzi Xəstəxanasında oğlu dünyaya gəlsə də, amma ailə bunun sevincini yaşaya bilməyib:

"20 gündən çoxdur ki, uşağım doğulub, amma biz onu evimizə apara bilməmişik. Sevincimiz ürəyimizdə qalıb. Oğlum doğulduqdan 2 gün sonra infeksiyaya yoluxub. Doğuş şöbəsinin müdirindən övladımın bu hala niyə düşməsinin səbəbini soruşmaq istəyəndə Təhminə həkim məni otağından qovur. Orada konkret özbaşınalıq hökm sürür. 9 ay müddətində uşaqda heç bir problem olmayıb. Həmçinin doğuşdan bir gün sonra da yoxlanış olub, heç bir problem aşkarlanmayıb. E-təbib portalına da bunlar yerləşdirilib".

"Bütün səhlənkarlıqlara səbəbkar Təhminə həkim və tibb bacılarıdır. Uşaq həkimlərin əlində əlcək olmadan ana bətnindən azad edilib. Küvəz dezinfeksiya olunmayıb, göbəkkəsici qayçı da həmçinin. Bütün bunlar yoldaşımın gözü qarşısında baş verib. Doğumdan iki gün sonra anidən uşaqda qıcolma başlayıb. Həyat yoldaşım uşağın narahat olduğunu görüb, həkim və tibb bacısı çağırıb, onlar da gec gəliblər. Uşağı nəzarətdə saxlamaq əvəzinə, aşağı mərtəbədə çay içiblər. Mənim uşağım tam sağlam idi və indi evində olmalı idi. Hazırda uşaq Respublika Pediatriya İnstitutundadır. Vəziyyəti yaxşıya doğru gedir". 

Məsələ ilə bağlı qafqazinfo Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlayıb. TƏBİB müraciətə belə cavab verib:

"Ağayeva Miranə Valeh qızı 01.10.2025-ci il tarixində 40 həftə 6 gün hamiləlik diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasın Doğum və ginekologiya şöbəsinə müraciət edib. 01.10.2025-ci il tarixində saat 12:10 radələrində 2500 qr. çəkidə, 49 sm boyda olan uşaq (kişi) mekonial sularda doğuşu həyata keçirilib və həkim-neonatoloqa təhvil verilib. Yeni doğulmuş uşaq doğulduğu vaxtdan etibarən stasionar müalicə alaraq stabilləşdirilib və 04.10.2025-ci il tarixdə saat 11:50 radələrində təcili yardım avtomobili ilə yeni doğulmuşun dəqiqləşməmiş tənəffüs pozğunluğu diaqnozu ilə ixtisaslı müalicə üçün Elmi-Tədqiqat Pediatriya İnstitutuna təxliyə edilib".

Milli.Az