UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunda baş tutan "Atletik Bilbao" - "Qarabağ" qarşılaşması zamanı xoşagəlməz hadisə yaşanıb. Görüş zamanı bir qrup azarkeş tribunada separatçı rejimin bayrağını qaldırıb. Bu görüntülər ictimaiyyətdə ciddi narazılıq doğurub.
Milli.Az xəbər verir ki, hadisə ilə bağlı manset.az-a "Qarabağ" Futbol Klubunun mətbuat katibi Anar Hacıyev bildirib ki, oyundan əvvəl Azərbaycana qarşı bu cür təxribat planlaşdırılıb:
"Bu, əvvəlcədən düşünülmüş addım idi. Matçdan öncə də müəyyən təxribat cəhdləri müşahidə olunurdu."
Klub rəsmisi əlavə edib ki, məsələ ilə bağlı UEFA-nın qaydalarına uyğun şəkildə addımlar atılacaq və hadisə diqqətdə saxlanılır.
"Oyundan bir gün əvvəl də biz plakatların yapışdırılması ilə bağlı rəsmi şəkildə "Atletik Bilbao" klubuna, klub vasitəsilə oradakı orqanlara, polisə müraciət etmişdik. Eyni zamanda oyunun təşkilatçılığında rolu olan UEFA nümayəndələri ilə də bu barədə müzakirələr aparılmışdı. Onlara məsələlər çatdırılmışdı. Yəni bununla bağlı biz tərəfdən bütün lazımi addımlar atılmışdı və bütün baş verə biləcək bu tip proseslər onlar tərəfindən kontrol olunmalı idi. Amma təəssüf ki, yenə də belə xoşagəlməz görüntülər ortaya çıxdı".
Anar Hacıyev qeyd edib ki, oyunun gedişatında baş verən hadisə ilə bağlı da dərhal fotolar və video görüntülər lazımi yerlərə göndərilib və bu məsələnin narahatlıq yaratdığı bildirilib.
Milli.Az