Mütəxəssislər bildirirlər ki, sağlam qidalanma pəhriz trendlərindən çox, bədənin ehtiyac duyduğu əsas qida maddələrinin balanslı şəkildə qəbul edilməsidir.
Milli.Az xəbər verir ki, qidalanma üzrə tədqiqatçılar sağlam qalmağın və xəstəliklərdən qorunmağın beş əsas yolunu açıqlayıblar.
Tam qidalara üstünlük verin
Qidalanma mütəxəssisi Dr. Alison Braun qeyd edir ki, "emal olunmuş qidalar çox vaxt lif, vitamin və mineral çatışmazlığı yaradır". O, meyvə, tərəvəz, qoz-fındıq və tam taxıl kimi təbiətdəki formada istehlak edilən qidaların orqanizm üçün daha faydalı olduğunu vurğulayıb.
Tədqiqatlara görə, bu tip qidalar ürək xəstəlikləri, 2-ci tip diabet və bəzi xərçəng növlərinin riskini azaldır.
Daha çox sağlam yağ yeyin
Uzmanlara görə, bütün yağlar zərərli deyil. Qoz-fındıq, avokado, balıq və zeytun yağında olan doymamış yağlar xolesterolu aşağı salır və ürək-damar sağlamlığını qoruyur.
Lakin ət və süd məhsullarında olan doymuş yağlar LDL ("pis xolesterol") səviyyəsini yüksəldə bilər.
Zülal mənbələrinizi müxtəlifləşdirin
Təkcə ətə deyil, paxlalılara, yumurtaya, balığa və süd məhsullarına da üstünlük verin. Bu, bədənin ehtiyac duyduğu amin turşularını balanslı şəkildə təmin edir.
Lif qəbulunu artırın
Tam taxıllar, tərəvəzlər və meyvələr liflə zəngindir. Lif həzm sistemini gücləndirir, toxluq hissi yaradır və qan şəkərinin sabit qalmasına kömək edir.
Rəngarəng qidalanın
Qidalanma mütəxəssisləri bildirirlər ki, "boz boşqab" sağlam qidalanmanın düşmənidir. Rəngarəng tərəvəzlər və meyvələr antioksidantlarla zəngindir və orqanizmdəki iltihabı azaldır.
Stanford Universitetinin professoru Kristofer Qardner isə belə deyir:
"Ən yaxşı qidaların üzərində etiket yoxdur - onlar sadəcə təbiətin özündən gəlir."
Sağlam qidalanmanın sirri bahalı pəhrizlərdə deyil, təbii və balanslı qida seçimində gizlidir.
Milli.Az