Alimlər mədə-bağırsaq xərçənginin inkişaf səbəbini tapdı

25 Oktyabr 2025 04:04

Alimlər mədə-bağırsaq xərçənginin inkişaf səbəbini müəyyən ediblər.

Milli.Az xəbər verir ki, Avstraliyalı tədqiqatçılar mədə-bağırsaq sistemində yerləşən sinir sisteminin bəzi hissələrinin xərçəngin yaranmasına birbaşa təsir etdiyini müəyyən ediblər.

Araşdırma BMJ Oncology jurnalında dərc olunub.

Oliviya Nyuton-Con adına Onkoloji Tədqiqatlar İnstitutu və La Trobe Universitetinin alimləri aşkar ediblər ki, CGRP adlı neyropeptid və onun RAMP1 reseptoru mədə və yoğun bağırsaqda şişlərin böyüməsini stimullaşdırır.

Tədqiqatın aparıcı müəllifi doktor Pavita Parathan bildirib ki, təkcə şişin içindəki sinir lifləri deyil, həm də şiş hüceyrələrinin özləri CGRP istehsal edir və bu maddə şişin inkişafını gücləndirir. Bu, o deməkdir ki, xərçəng hüceyrələri sinir sisteminin siqnallarından istifadə edərək öz artımını təmin edə bilir.

Alimlər bildiriblər ki, CGRP və RAMP1 qarşısını alan dərmanlar artıq mövcuddur və hazırda miqren müalicəsində istifadə olunur. Bu dərmanlar artıq təsdiqləndiyi və xəstələr tərəfindən yaxşı qəbul edildiyi üçün onları xərçəng müalicəsinə uyğunlaşdırmaq asan olacaq.

Tədqiqat zamanı RAMP1 reseptoru genetik üsullarla hüceyrələrdən çıxarıldıqda, onların böyümə qabiliyyətinin xeyli azaldığı müşahidə edilib.

Layihənin rəhbəri, doktor Liza Milke qeyd edib ki, sinir sisteminin xərçəngin inkişafında rolu çox yeni və ümidverici istiqamətdir. O bildirib ki, növbəti mərhələdə mövcud miqren əleyhinə dərmanlar xərçəngə qarşı da sınaqdan keçiriləcək.

Gələcəkdə alimlər CGRP inhibitorlarını kolorektal xərçəngin müalicə sxemlərinə daxil etməyi planlaşdırırlar.

İsmayıl
Milli.Az