Ötən gün Bakıda fəaliyyət göstərən "BakuBus"a aid 3 nömrəli marşrut avtobusunun sürücüsünün sərnişinlə kobud rəftarı ilə bağlı rəsmi məlumat yayımlanıb.
Milli.Az xəbər verir ki, "BakuBus" MMC-nin Mətbuat Xidməti sərnişin və sürücü arasında insidentin baş verdiyini təsdiqləyib.
Bildirilir ki, 22 oktyabr 2025-ci il səhər saatlarında "BakuBus" MMC-nin idarə etdiyi, 99-JU-240 dövlət qeydiyyat nişanlı 3 nömrəli marşrut avtobusunda sərnişinlərin arxa qapıdan minmək istəməsi səbəbindən sürücü ilə sərnişinlər arasında mübahisə yaranıb.
"Sürücü bunun müəyyən edilmiş qaydalara uyğun olmadığını izah edərək, təlimata uyğun hərəkət edib.
Qeyd edək ki, bu qayda Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın 4.29.3-cü bəndinə əsaslanır. Həmin norma üç qapısı olan avtobuslarda sərnişinlərin düşməsinin orta və arxa, minməsinin isə ön qapıdan həyata keçirilməsini nəzərdə tutur.
Bu tələbin məqsədi ictimai nəqliyyatda xidmətin təhlükəsiz, intizamlı və nəzarətli şəkildə təşkili ilə bağlıdır və qayda yalnız "BakuBus" MMC-yə deyil, ölkə üzrə bütün sərnişindaşıma subyektlərinə şamil olunur.
Hadisədən sonra avtobus hərəkətini davam etdirib, lakin "Gənclik" metrostansiyası yaxınlığında texniki nasazlıq səbəbindən dayanıb. Sürücü yaranan nasazlıq barədə dərhal "BakuBus" MMC-nin Monitorinq Mərkəzinə məlumat verib və sərnişinlərin səfərini təmin etmək məqsədilə onları düşürərək eyni istiqamətdə hərəkət edən digər 3 nömrəli avtobusuna yönləndirib.
Nasaz avtobus daha sonra "Dərnəgül" NMM-ə gətirilib və burada Texniki Servis Xidməti tərəfindən texniki problem aradan qaldırılıb. Hadisənin baş verməsindən sonra "BakuBus" MMC məsələni diqqətə alaraq sürücü ilə profilaktik söhbət aparıb və ona bu kimi hallarda daha təmkinli davranması ilə bağlı müvafiq təlimatlar verilib. Sərnişinlərdən ictimai nəqliyyatdan istifadə zamanı müəyyən edilmiş qaydalara riayət etmələrini və xidmətin nizamlı təşkili üçün bir-birinə anlayışla yanaşmalarını xahiş edirik.
"BakuBus" MMC olaraq sərnişinlərdən baş verən hadisə zamanı yaranan narahatlığa görə üzr istəyirik", - deyə məlumatda bildirilir./oxu.az
Milli.Az