Ramiz Mehdiyevin həbsdəki adamı kimdir? - Ona da xəyanət etmişdi

23 Oktyabr 2025 09:51

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin barəsində irəli sürülən ağır ittihamlar onunla uzun illər əməkdaşlıq etmiş şəxslərin adlarını yenidən gündəmə gətirib.

Mehdiyevin yaxın çevrəsində yer alan "Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədov da həmin təsir dairəsinin əsas fiqurlarından biri olub. O, uzun müddət bu münasibətlər sayəsində metallurgiya sektorunda nüfuz qazanıb, lakin 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Hazırda mənimsəmə və dələduzluq ittihamları ilə 4 ildir həbsdə olan Məmmədovun cəzası on ilədək uzana bilər.

Məlum olub ki, 2020-ci ilin sonlarında Ramiz Mehdiyevin ailəsi onunla əlaqələrini kəsib. Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni İlham Əliyev Rasim Məmmədovun onlardan milyonlarla dollar vəsait mənimsədiyini iddia edərək hüquq-mühafizə orqanlarına müraciət ediblər. Bu vəsaitlərin metallurgiya zavodundan gələn gəlirlər hesabına ailənin müxtəlif biznes sahələrinə yönəldildiyi bildirilir.

Rasim Məmmədov sonradan məhkəmədə verdiyi ifadələrdə Ramiz Mehdiyevlə yaxın münasibətlərindən açıq danışaraq "Mən Ramiz Mehdiyevi atam kimi sevirdim, pis günündə yanında olmuşam" deyib. Lakin Mehdiyev onun bu fikirlərinə cavab olaraq "Hər kəs törətdiyi əmələ görə cavab verməlidir" sözləri ilə münasibətlərinə nöqtə qoyub.

Daha sonra Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ilə Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədova "Baku Oksford Məktəbi" üzərində pay mübahisəsinə girişiblər. Məhkəmə həmin binanın "Baku Steel Company"dən mənimsənilən vəsaitlə inşa olunduğunu müəyyən edib və obyekt dövlətə qaytarılıb.

Hazırda Ramiz Mehdiyev ev dustaqlığındadır və o, dövlətə xəyanət, hakimiyyəti ələ keçirməyə cəhd və çirkli pulların leqallaşdırılması kimi ittihamlarla üz-üzədir. İstintaq çərçivəsində Rasim Məmmədovun da şahid qismində ifadə verməsi gözlənilir. Onun Mehdiyev haqda hansı etirafları edəcəyi isə böyük maraq doğurur. /Qafqazinfo

Milli.Az