"Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy" incəsənət festivalı Azərbaycanın mədəni həyatında parlaq bir hadisə olacaq.
Bunu Trend-ə müsahibəsində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova bildirib.
Festival 31 oktyabr - 2 noyabr tarixlərində Bakıda keçiriləcək və incəsənət, mədəniyyət və ekologiyanı birləşdirən möhtəşəm bir hadisə olacaq. Layihə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi tərəfindən, Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə təşkil olunur. Layihənin müəllifi və təşəbbüskarı isə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevadır. Bu immersiv layihə Bakını müasir yaradıcılıq, dialoq və kəşflərlə yaşayan bir səhnəyə çevirəcək. Festivalda əsas diqqət sənət dili vasitəsilə okeanlar və dənizlərdəki ekoloji vəziyyətə yönəldiləcək. Festivalın əsas mövzusu - su - həyatın, yenilənmənin və davamlı inkişafın simvolu kimi seçilib. Su, həmçinin dayanıqlığın, yenilənmənin və ümumi yaddaşın simvolu olaraq "Art Weekend" konsepsiyasının əsas elementi olacaq və beynəlxalq incəsənət dünyası ilə əhəmiyyətli dialoqun qurulmasına xidmət edəcək.
Şirin Məlikovanın sözlərinə görə, festival çərçivəsində 31 oktyabrda Azərbaycan Milli İncəsənət Muzeyində "Kəsilmiş Ümid" adlı retrospektiv sərgi açılacaq. Bu sərgi milli təsviri sənətimizin görkəmli nümayəndələrindən biri, nonkonformist rəssam Tofiq Cavadovun anadan olmasının 100 illiyinə həsr olunub. Sərgidə rəssamın 90-dan çox işi - rəsm, qrafika və kitab illüstrasiyaları nümayiş olunacaq. Onların bir qismi ictimaiyyətə ilk dəfə təqdim olunacaq. Sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin, Dövlət Rəsm Qalereyasının, "Yeni Gallery"nin və şəxsi kolleksiyaların eksponatları təqdim ediləcək. Cəmi 38 il ömür sürməsinə baxmayaraq, Tofiq Cavadov milli mədəniyyətimizdə dərin iz qoyub, onun əsərləri Azərbaycan incəsənətinin qızıl fonduna daxildir. O, zamanını qabaqlayan böyük sənətkar, sosialist realizminin çərçivələrindən kənara çıxan cəsarətli bir rəssam idi və dərin fəlsəfi düşüncələrə malik idi. Muzeyin kolleksiyasında onun əsərlərinin böyük hissəsi saxlanılır və bu yaxınlarda həmin kolleksiya rəssamın qrafika və rəsm sahəsində daha iki əsəri ilə zənginləşib. Həmin əsərlər də sərgidə nümayiş olunacaq.
Şirin Məlikova bildirib ki, muzey sənət əsərlərinin bərpasına xüsusi önəm verir və hazırda Tofiq Cavadovun Dövlət Rəsm Qalereyasına məxsus əsərləri bərpa prosesindən keçir.
O, həmçinin festivalın ümumi əhəmiyyətinə toxunaraq deyib:
"Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy" incəsənət festivalı Azərbaycanın mədəni həyatında əlamətdar bir hadisə olacaq. Bu, təkcə tanınmış ustadların iştirakı ilə keçiriləcək böyük bir incəsənət bayramı deyil, eyni zamanda müxtəlif məkanlarda maraqlı mühazirələr, konsert proqramları, tamaşalar və digər tədbirlər təqdim olunacaq. Festival, həmçinin bəşəriyyət üçün aktual olan ekoloji məsələyə - su ehtiyatlarına - sənət vasitəsilə diqqət çəkməyi qarşısına məqsəd qoyur".
Festivalın açılış mərasimi 31 oktyabr tarixində Heydər Əliyev Mərkəzində keçiriləcək. Həmin gün bir neçə mühüm hadisə baş tutacaq: məşhur kolumbiyalı rəssam və heykəltəraş Fernando Boteronun əsərləri sərgilənəcək, BMT və IDEA-nın birgə layihəsi olan "Mənim dənizlərim, mənim okeanlarım" adlı ekspozisiya təqdim olunacaq. Burada Azərbaycanın aparıcı rəssamlarının ekoloji məsuliyyət və davamlı inkişaf mövzusunda əsərləri nümayiş etdiriləcək. Axşam isə ABŞ-dan Şeril "Pepsi" Rayli və Interplay qrupunun ifasında R&B və caz improvizasiyasının unikal bir konserti baş tutacaq.
Azərbaycan Mədəniyyət Nazirliyinin müşaviri Cahangir Səlimxanov Trend-ə müsahibəsində bildirib ki, Azərbaycanda daim mühüm mədəni layihələr həyata keçirilir, lakin "Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy" şübhəsiz ki, ən yaddaqalan hadisələrdən biri olacaq.
"Bu festivalın ənənəvi hal alması vacibdir. Çünki burada yüksək mədəni dəyərlər təbliğ olunur, eyni zamanda insan həyatı üçün son dərəcə vacib olan ekoloji məsələlərə toxunulur. Hər bir Bakı sakini və paytaxtın qonaqları bu böyük incəsənət bayramının şahidi olacaq. Bildiyiniz kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva incəsənətlə yaxından bağlıdır, rəssamdır və eyni zamanda ekoloji məsələlərə də xüsusi önəm verir. Məhz bu iki istiqamət festivalda bir araya gətirilib və insan həyatında vacib rol oynayan su amilinə diqqət çəkilir. Bu baxımdan, su "Art Weekend"in əsas fəlsəfi, bədii və ekoloji mövzusudur".
Festival çərçivəsində Bakıdakı bir çox mədəniyyət mərkəzlərində tədbirlər keçiriləcək: HHeydər Əliyev Mərkəzi, İçərişəhər, Müasir İncəsənət Muzeyi, Daş Salnamə Muzeyi, Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Bakı Marionet Teatrı, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi, Q Gallery, Bakı Fotoqrafiya Evi, YARAT Müasir İncəsənət Məkanı, Azərbaycan Rəngkarlığı Muzeyi , Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, "Nine Senses" İncəsənət Mərkəzi və digər məkanlar.
Festival çərçivəsində 40-dan çox layihə təqdim olunacaq - sərgilər, performanslar, musiqi və poeziya gecələri, incəsənət instalyasiyaları və texnoloji eksperimentlər, təhsil proqramları. Bütün bunlar Azərbaycanın zəngin mədəni irsini və müasir yaradıcı enerjisini əks etdirəcək. Festivalda yer alacaq layihələr arasında: Orxan Hüseynov, Rəşad Ələkbərov, Faiq Əhməd, Fərid Rəsul kimi gənc sənətkarların "Əcdadlar" adlı ekspozisiyası; Elvin Nəbizadənin "Sonuncu dalğa" kinetik instalyasiyası; "Püstə ağacı: Yaddaşın kökləri" adlı multidissiplinar layihə - ədəbiyyat, sənətkarlıq və ekologiyanın sintezi; Nigar Həsənzadənin kuratorluğu ilə poeziya gecələri; Firuzə Sultanzadənin rəhbərliyi ilə 3-14 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş incəsənət proqramı; Baku Steel Art 2025 festivalı iştirakçılarının işlərinin təqdimatı və s.
Milli.Az