Mosaic Del Arte tərəfindən "Şirvan xalçası" əfsanəsi əsasında hazırlanan "İki xalça" baletinin dünya premyerası çərçivəsində "Astana Balet" Teatrında "Azərxalça" ASC-nin ekspozisiyası nümayiş etdirilib.
Premyera üçün "Azərxalça"nın ustaları tərəfindən xüsusi olaraq toxunmuş unikal xalça Bakından gətirilərək teatrın foyesində digər eksponatlarla birlikdə sərgilənib. Bu xalça ölkələr arasında mədəni körpünün rəmzi kimi təqdim olunub. Ənənəvi və müasir xalçalardan ibarət ekspozisiya qonaqların böyük marağına səbəb olub, onlar üçün Azərbaycan xalçaçılıq sənətinə dair ustad dərsi də təşkil edilib.
"Azərxalça" ASC-nin İdarə Heyətinin üzvü və yaradıcı direktoru Əsmər Babayeva ekspozisiyanın və balet premyerasının - dünya klassik incəsənətinin inkişafı, milli irsin təbliği baxımından əhəmiyyətini xüsusi vurğulayıb:
"Xalqların mədəniyyətlərinin, teatr və dekorativ sənətin bu qədər gözəl vəhdəti ən yüksək qiymətə layiqdir. Layihə üzərində iş bir neçə ay əvvəl başladı. Bizə Azərbaycanın qədim xalçaçılıq sənətinə həsr olunmuş bir hekayə təqdim olundu. A. Kapustinanın müəllifliyi ilə hazırlanmış eskiz əsasında qısa müddətdə böyük komandamız unikal, tək nüsxədə bir xalça toxudu. Bu xalça ekspozisiyada nümayiş olunur və sanki teatr hadisəsinin bir iştirakçısına çevrilib. Burada həmçinin 'Azərxalça'nın zəngin kolleksiyasına daxil olan nadir nümunələr də təqdim olunub ki, Qazaxıstan tamaşaçıları bizim xalçaçılıq sənətimizlə yaxından tanış ola bilsinlər. Əminəm ki, 'İki xalça' baleti böyük uğurla dünyanın müxtəlif səhnələrində, eləcə də Azərbaycanda nümayiş etdiriləcək," - deyə Əsmər Babayeva bildirib.
Qonaqlar arasında Azərbaycan Mədəniyyət Nazirliyinin müşaviri Oleg Amirbekov, "Azərxalça"nın sərgi mərkəzinin direktoru Rza Həsənov, həmçinin Azərbaycanın Qazaxıstandakı səfirliyinin nümayəndələri də olub.
Xatırladaq ki, "Astana Balet" Teatrında iki gün ərzində böyük uğurla nümayiş etdirilən "İki xalça" baleti Mosaic Del Arte tərəfindən "Şirvan xalçası" - Luvr kolleksiyasına daxil olan qara-qırmızı xalça əsasında hazırlanıb.
Yaradıcı kollektivin tərkibinə daxil olanlar: Valeri Kopeykin - librettosunun müəllifi, baş prodüser, Aleksandr Moqilev - baletmeyster-quruluşçu, rejissor, Arseniy Smirnov - bəstəkar, Anastasiya Kapustina - rəssam-quruluşçu, İqor Çapurin - kostyum rəssamı, Asel Abakayeva - repetitor-pedaqoq, Janna Yeqorova - Mosaic Del Arte şirkətinin baş direktoru, Mixail Çernıx - prodüser.
Baş rolları Tatiana Ten (Leyla), Sundet Sultanov / Erkanat Ermağambet (Samir), Nataliya Fernandes Menes (Marqo) ifa ediblər. Səhnədə həmçinin "Astana Balet" teatrının artistləri və Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasının tələbələri çıxış ediblər - layihədə ümumilikdə 140-dan çox şəxs iştirak edib!