Ölkədə yayılan qripəbənzər virus nədir?

22 Oktyabr 2025 16:50

Son zamanlar Azərbaycanda əhali arasında infeksion xəstəliklərə yoluxma halları artıb.

Milli.Az xəbər verir ki, yüksək hərarət, boğaz ağrısı, burun axması və öskürəklə müşayiət olunan xəstəliyə daha çox uşaqlar arasında rast gəlinir.

Belə ki, virus günlərlə davam edir, sürətlə yayılır və böyüklərə də keçir. Xüsusilə də məktəblər, uşaq bağçaları kimi ictimai yerlərdə yayılan qripəbənzər virus insanların təşvişinə səbəb olub. Hətta yayılan virusun COVID ştamı olması ehtimalları da var.

Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti Könül Cəfərovanın qafqazinfo.az-a sözlərinə görə, yayılan xəstəlik mövsümi xarakter daşıyır: "Son dövrlər xüsusən uşaqlar arasında infeksion xəstəliklər yayılıb. Bu, mövsümi xəstəlikdir. COVID ştamı da ola bilər, onu təsdiqləmək üçün virusoloji müayinə metodları aparılmalıdır. Bunun yoxlanmamış, təsdiqlənməmiş COVID olduğunu deyə bilmərik. Həmçinin rotavirus, adenovirus və digər viruslar da ola bilər.

Uşaqlar arasında daha çox yayılıb. Uşaqlar adətən yoluxduran olur".

O hesab edir ki, hazırda ölkəyə gətirilən qrip əleyhinə peyvəndlər də bunun müəyyən qədər qarşısını alacaq: "Peyvəndləmədən bəzən bizim insanlarımız qorxurlar. Əslində peyvənd ancaq ağırlaşmanın qarşısını almaq üçündür. Bu virusa yoluxsa da, həmin şəxsdə ağırlaşma olmayacaq".

K.Cəfərova bildirib ki, əhali ənənəvi qorunma yollarından istifadə etməli, maska taxmalı, digər şəxsləri yoluxdurmamağa çalışmalıdır: "Əgər uşaq xəstədirsə, bağçaya, məktəbə göndərmək olmaz. Bu virus infeksiyasının daşıyıcısı olmasınlar, digər uşaqları da yoluxdurmasınlar. Uşaqlarda immun sistemi zəif olduğuna görə onlar bu virusu daha ağır keçirirlər. İstirahət rejimi, bol maye qəbul etmək, yüksək temperatur olarsa, hərarət salıcı dərmanlardan istifadə tövsiyə olunur".

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən Azərbaycana payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılma riskinə qarşı vaksinlər gətirilib. Oktyabrın 8-dən etibarən əhali arasında vaksinasiyaya başlanılıb. Xüsusilə səhiyyə işçilərinin, hamilələrin, həmçinin xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı körpələrin qripə qarşı peyvənd olunması tövsiyə edilir.

Milli.Az