Bir neçə gündür 20-ci sahə-Dərnəgül metrostansiyası istiqaməti üzrə hərəkət edən 88 nömrəli marşrut avtobuslarının intervalı 30-40 dəqiqəyə qədər artdığı ilə bağlı şikayətlər yayılır.
"Bakı Bus"dan Milli.Az-a bildirilib ki, MMC-nin istismarında olan 88 nömrəli müntəzəm marşrut xətti 8 dəqiqəlik intervalla fəaliyyət göstərir və xətt üzrə ümumilikdə 18 avtobus hərəkət edir.
"Qeyd olunan marşrut xətti üzrə Çingiz Aytmatov və Azadlıq prospektləri, Zərifə Əliyeva və Neftçilər prospektləri, həmçinin "Dəniz Mall" və Üzeyir Hacıbəyli küçəsi istiqamətində pik saatlarda nəqliyyat sıxlığı müşahidə olunur.
Pik saatlarda gecikmələr əsasən nəqliyyat axınındakı sıxlıq və mövcud yol vəziyyətindən irəli gəlir və bu amillər avtobusların hərəkət qrafikinə müəyyən dərəcədə təsir göstərə bilir.
Sərnişinlərdən pik saatlarda yaranan bu cür hallara anlayışla yanaşmaları xahiş olunur", - açıqlamada qeyd edilib./axar.az
Milli.Az