ABŞ Prezidenti Donald Tramp Çinə tətbiq edilən əlavə gömrük rüsumları ilə bağlı yeni bəyanat verərək Pekini bir daha hədələyib. Ağ Evdə keçirilən mətbuat konfransında çıxış edən Tramp bildirib ki, Çin ABŞ ilə anlaşmaya gəlməsə, mövcud tariflərə əlavə olaraq 150% gömrük vergisi ödəməyə məcbur qalacaq.
Milli.Az xəbər verir ki, Tramp bir neçə gün əvvəl 1 noyabrdan etibarən Çinə hazırkı rüsumlara əlavə olaraq 100% yeni gömrük vergisi tətbiq olunacağını açıqlamışdı. Bununla yanaşı, ABŞ bütün kritik proqram təminatlarına ixrac nəzarəti gətirəcəyini də bildirmişdi.
Tramp bildirib ki, Çin 1 noyabrdan etibarən təkcə özü istehsal etdiyi məhsullara deyil, başqa ölkələrdən gətirilən bəzi məhsullara da geniş miqyaslı ixrac məhdudiyyətləri tətbiq etməyi planlaşdırır. O, bu addımı "beynəlxalq ticarətdə görünməmiş dərəcədə aqressiv davranış" adlandırıb:
"Bu, təkcə ABŞ-yə deyil, bütün ölkələrə təsir edən və illər əvvəl planlaşdırıldığı açıq-aydın hiss olunan bir strategiyadır. Bu, beynəlxalq münasibətlər baxımından əxlaqi bir utancdır."
Tramp əlavə edib: "Çinin bu misilsiz davranışını nəzərə alaraq, 1 noyabr tarixindən (və ya Çin daha tez cavab verərsə, daha erkən) ABŞ Çin mallarına mövcud tariflərə əlavə 100% gömrük vergisi tətbiq edəcək. Bununla yanaşı, bütün kritik proqram təminatlarının ixracına sərt nəzarət qoyulacaq."
Lalə Qüdrətova
Milli.Az