Xalq artisti Fəxrəddin Dadaşovun 75 illik yubileyi qeyd edilib - FOTO

20 Oktyabr 2025 15:58

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, professor, kamança ifaçısı Fəxrəddin Dadaşovun 75 illik yubileyi qeyd edilib. 

Tanınmış incəsənət xadimləri, millət vəkilləri və ictimai xadimlərin iştirak etdiyi tədbir yubilyarın yaradıcılığını əks etdirən qısa videofilmlə başlayıb. 

Gecədə Mədəniyyət Nazirliyinin İncəsənət və Qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev nazirliyin təbrik məktubunu yubilyara ünvanlayıb. 

Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, Özbəkistanının mədəniyyət elçisi Sahib Paşazadə yubilyarı təbrik edərək onun musiqi sahəsindəki xidmətlərindən söz açıb. Azərbaycan Milli Konservatoriyanın prorektoru, professor Lalə Hüseynova isə AMK-nın təbrikini təqdim edib. 

Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev çıxış edərək Fəxrəddin müəllimin zəngin pedaqoji fəaliyyəti, muğam sənətimizin inkişafı və təbliği sahəsində göstərdiyi xidmətlərdən söz açıblar.

Yazıçılar Birliyinin katibi İlqar Fəhminin aparıcılığı ilə keçən gecədə çıxış edənlər Fəxrəddin Dadaşovun zəngin və mənalı həyat yolu, peşəkar yaradıcılıq fəaliyyəti, musiqi sahəsində verdiyi töhfələri qeyd ediblər. Bildirilib ki, 1966-cı ildən görkəmli tarzən Həbib Bayramov tərəfindən dəvət edildiyi Azərbaycan Dövlət Radio və Televiziyasının Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblının konsertmeysteri, daha sonrakı illərdə Möhlət Müslümovla birgə çalışdığı Cabbar Qaryağdıoğlu adına muğam üçlüyü ilə çıxışlarında özünüzdən əvvəlki kamança ifaçılarımızın ənənələrini qoruyaraq, öz təkrarsız ifası ilə muğamlarımıza təravət və cazibə gətirib. İfaları dünyanın bir çox ölkələrində lentə yazılıb. . Səmərəli ifaçılığı ilə yanaşı, həm də pedaqoq kimi Azərbaycan musiqi mədəniyyətinə xidmət göstərib. 

Gecənin bədii hissəsində tanınmış muğam ifaçıları çıxış edib. Xanəndələri Rövşən Qurbanovun rəhbərliyi ilə (Prezident mükafatçısı) "Buta" instrumental ansambl müşayiət edib. Tədbirin sonunda yubilyar gecənin təşkilatçılarına minnətdarlığını bildirib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az