Bərdə rayonunda sürücü idarə etdiyi avtomobili qarşısına keçən şəxsin üzərinə sürüb.
Milli.Az xəbər verir ki, bu barədə videogörüntü yayımlanıb.
Qeyd olunub ki, toy karvanında hərəkət edən avtomobilin qarşısına qaraçılar çıxıb və sürücüdən "şirinlik" üçün pul istəyiblər. Sürücü isə onların qarşıdan çəkilməsi üçün sürəti azaltsa da, maşını saxlamayıb və üzərinə sürüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Bununla bağlı oxu.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, dilənçilik və tüfeyli həyat tərzi sürən bəlli qrupların hüquqazidd hərəkətlərinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mütəmadi tədbirlər həyata keçirilir:
"Ötən həftə paytaxtın hərəkətin intensiv olduğu küçə və prospektlərində dilənçiliklə məşğul olan, ana və azyaşlılardan ibarət 11 nəfər müəyyən edilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb və onlar qeydiyyatda olduqları rayonlara göndəriliblər".
Milli.Az