Bədən çəkisi normal olsa belə, qarın boşluğunda yığılan piy (dərin qarın piyləri) və qaraciyərdə toplanan piy beyinə qan aparan boyun arteriyalarının daralması və tutulması riskini xeyli artırır.
Milli.Az xəbər verir ki, bu arteriyaların daralması insult və infarkt üçün vacib göstərici hesab olunur. Bu nəticələr McMaster Universitetinin yeni tədqiqatında açıqlanıb.
Tədqiqatda Kanada və Böyük Britaniyadan 33 mindən çox insanın məlumatları öyrənilib. Həmçinin hər iştirakçının beyni və damarları MRT ilə skan edilib. Bu, piyin orqanlar ətrafında və qaraciyərdə yığılmasının damarların vəziyyəti ilə əlaqəsini göstərməyə imkan verib.
Nəticələr göstərib ki, qarın boşluğunda yığılan piy arteriya divarlarının qalınlaşması və aterosklerotik lövhələrin yaranması ilə sıx bağlıdır. Qaraciyər piyində də oxşar, lakin bir qədər zəif əlaqə müşahidə olunub. Bu təsir həyat tərzi və metabolik faktorlar nəzərə alınandan sonra da qalır.
Tədqiqat göstərir ki, yalnız bədən çəkisinə və bel ətrafına baxmaq kifayət etmir. Normal çəkili insanlarda belə, gizli yığılan piy ürək-damar xəstəlikləri üçün ciddi təhlükə yarada bilər.
"Normal qan təzyiqi və xolesterin səviyyəsinə baxmayaraq, gizli piy damarlar üçün zərərlidir" , - Professor Rassel de Souza söyləyib.
Tədqiqatçılar tövsiyə edirlər ki, həkimlər xəstələri qiymətləndirərkən yalnız çəkini yox, həm də MRT və digər vizual müayinələrdən istifadə etsinlər.
İsmayıl
Milli.Az