Miqren adətən bir tərəfli, döyücü və ya şiddətli ağrı ilə müşayiət olunan xroniki nevroloji bir xəstəlikdir. Bu ağrıya tez-tez ürək bulanması, qusma, işığa və səsə qarşı həssaslıq da qoşulur.
Milli.Az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, miqren tutması zamanı ilk növbədə sakit və qaranlıq bir yerə çəkilmək lazımdır. Parlaq işıqlar və yüksək səslər miqren ağrısını daha da artırır. Ağrı başladıqda mümkün qədər sakit, sərin və qaranlıq bir məkanda dincəlmək simptomları yüngülləşdirə bilər. Əgər həkim tərəfindən təyin olunmuş dərman varsa, onu tutmanın ilk əlamətləri görünən kimi qəbul etmək lazımdır, çünki vaxtında qəbul olunmayan dərmanların təsiri zəifləyə bilər. Alına və ya ense nahiyəsinə qoyulan soyuq kompres də damarların daralmasına və ağrının azalmasına kömək edə bilər. Stress də miqreni gücləndirə bildiyi üçün nəfəs məşqləri, sadə relaksasiya və gözləri yumaraq sakit dayanmaq da faydalıdır. Miqrenin səbəblərindən biri də bədənin susuz qalmasıdır, buna görə də təmiz su içmək vacibdir. Əgər tutmalar tez-tez baş verirsə, uzun müddət davam edirsə, dərmanlar kömək etmirsə və ya əvvəllər müşahidə olunmayan yeni simptomlar ortaya çıxırsa, mütləq həkimə müraciət edilməlidir.
Həkimlər hesab edir ki, miqrenlə mübarizədə yalnız müalicə deyil, həm də profilaktik tədbirlər yuxu rejiminə əməl etmək, sağlam qidalanmaq, stressdən uzaq durmaq və fiziki aktiv olmaq böyük rol oynayır. Miqrenlə düzgün mübarizə həyat keyfiyyətini qorumağa kömək edir.
Asya
Milli.Az