İranda qalmaqala səbəb olan toy görüntüləri – VİDEO

19 Oktyabr 2025 21:16

İranda sosial mediada yayılan və İran lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Şəmhaninin qızının toyuna aid olduğu iddia edilən görüntülər ölkədə geniş rezonans yaradıb. 

Milli.Az xəbər verir ki, Əli Şəmhaninin qızını əlindən tutaraq zalda aparması, gəlinliyin dəbdəbəli və ənənəvi qaydalardan kənar olması, məcburi hicab qaydasına əməl etməyən qadınların toyda sərbəst şəkildə iştirak etməsi və bəyin kəpənək qalstuk taxması xeyli müzakirə olunub.

Bu detallara görə sosial mediada "xalq üçün tətbiq edilən qaydaların hakim elita üçün keçərli olmadığı" yönündə sərt tənqidlər səsləndirilib.

Videoda, Şəmhani və bəyin qarşısında hicabsız qadınların olması xüsusilə qəzəb doğurub. 

Keçən ilin may ayında baş verdiyi iddia olunan toyun görüntülərinin kim tərəfindən yayıldığı bilinmir. Xatırladaq ki, Əli Şəmhani 2013-2023-cü illərdə İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi olub və hazırda Xameneinin rəsmi müşaviri kimi fəaliyyət göstərir.

Lalə Qüdrətova
Milli.Az