Qan analizi ilə 50-dən çox xərçəng növü müəyyən edilə bilər - YENİ TƏDQİQAT

19 Oktyabr 2025 10:51

Yeni aparılan tədqiqatın nəticələri göstərir ki, 50-dən artıq xərçəng növünü müəyyən edə bilən qan analizi diaqnostika prosesini sürətləndirə və erkən müalicə imkanlarını artıra bilər.

Milli.Az xəbər verir ki, BBC-nin yaydığı məlumata əsasən, Şimali Amerikada aparılan klinik sınaqlar bu testin xərçəngin geniş spektrini aşkarlamaq imkanına malik olduğunu təsdiqləyib. Qeyd olunur ki, aşkarlanmış xərçəng hallarının təxminən 75 faizi üçün hal-hazırda heç bir erkən diaqnostika proqramı mövcud deyil.

Testin ən önəmli nəticələrindən biri də odur ki, aşkar edilən xərçəng hallarının yarıdan çoxu xəstəliyin erkən mərhələsində müəyyən olunub. Bu isə müalicənin daha effektiv keçməsi və tam sağalma ehtimalının yüksəlməsi baxımından böyük əhəmiyyət daşıyır.

Qan analizi ABŞ-ın "Grail" adlı əczaçılıq şirkəti tərəfindən hazırlanıb və "Galleri" adlanır. Test, şişdən ayrılaraq qan dövranına daxil olan və xərçəngə xas olan DNT fraqmentlərini aşkarlayır. Hal-hazırda test Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) tərəfindən də sınaqdan keçirilir.

Tədqiqat çərçivəsində ABŞ və Kanadada 25 min yetkin iştirakçı bir il ərzində izlənilib. Onlardan təxminən 1 faizində test müsbət nəticə göstərib və bu halların 62 faizində daha sonra xərçəng təsdiqlənib.

Layihənin rəhbəri, Oreqon Səhiyyə və Elmlər Universitetinin radiasiya tibb üzrə dosenti Dr. Nima Nabavizadeh bildirib ki, əldə edilən nəticələr xərçəngin diaqnostikasına yanaşmada inqilabi dəyişikliklərə səbəb ola bilər. Onun sözlərinə görə, bu test müxtəlif növ xərçəngləri daha erkən mərhələdə aşkarlayaraq müalicə uğurlarını əhəmiyyətli dərəcədə artırır.

Bundan əlavə, tədqiqat göstərib ki, test mənfi nəticə verdiyi halların 99 faizindən çoxunda xərçəngin olmaması dəqiq şəkildə müəyyən edilib.

Kənan
Milli.Az