Trampdan Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün yeni TƏKLİF

18 Oktyabr 2025 16:29

ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında davam edən münaqişənin həlli üçün yeni təklif irəli sürüb.

Milli.Az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.

Onun təklifinə görə, müharibə cəbhə xətti hazırkı mövqeyində "dondurulmalı"dır. 

Nəşrin yazdığına görə, Tramp bu barədə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüş zamanı danışıb. Görüş zamanı o, Zelenskiyə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı barədə məlumat verib və ABŞ-ın diplomatik həll təklifinin "mövcud cəbhə xəttinin saxlanılması" olduğunu vurğulayıb.

Məlumatda bildirilir ki, bu təklif Ukraynanın qəbul etməkdə çətinlik çəkdiyi variantdır.

"Tramp görüşdən sonra 'Truth' sosial platformasında yazıb ki, həm Zelenskiyə, həm də Putinə 'orada dayanmağın vaxtı çatdığını' bildirib. Görüşü 'maraqlı' və 'səmimi' adlandırıb", - "Axios" qeyd edir.

Zelenskinin oktyabrın 17-də Vaşinqtona səfəri iki lider arasında bu ilin üçüncü görüşü olub. Görüş təxminən iki saat yarım davam edib. Bundan öncə ABŞ və Rusiya prezidentləri arasında uzun telefon danışığı keçirilib və Budapeştdə təkbətək görüşmək barədə razılıq əldə olunub.

Fidan
Milli.Az