Ukrayna prezidenti Volodimir Zelenski bu gün Ağ Evdə ABŞ prezidenti Donald Tramp ilə bir araya gəlib. Görüşdə silah təchizatı və sülh danışıqlarının perspektivləri gündəmdə olub. Zelenskinin əsas məqsədi Vaşinqtondan daha çox hərbi və siyasi dəstək almaqdır.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Tramp bir gün əvvəl verdiyi açıqlamada, Rusiya ilə mümkün danışıqlara təzyiq vasitəsi kimi Ukraynaya Tomahawk raketləri təqdim edə biləcəyini bildirib. Bu raketlər Rusiyanın dərinliklərindəki hədəfləri vura biləcək gücə malikdir.
Kreml isə bu bəyanata sərt cavab verib. Putin bildirib ki, ABŞ belə bir addım atarsa, bunun "ciddi nəticələri olacaq" və Moskva öz təhlükəsizliyini qorumaq üçün "lazımi tədbirlər görəcək."
Trampın həm Zelenski, həm də Putinlə ardıcıl görüşlər keçirməsi beynəlxalq müşahidəçilər tərəfindən müharibənin gedişində dönüş nöqtəsi ola biləcək hadisə kimi qiymətləndirilir.
Lalə Qüdrətova
Milli.Az