Bakıda iki avtobus toqquşdu - 7 nəfər xəsarət aldı, birinin vəziyyəti ağırdır

17 Oktyabr 2025 09:58

17.10.2025-ci il tarixində saat 06:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Mehdiabad, Balaxanı yolu ərazisindən yol-nəqliyyat hadisəsi ( iki avtobusun toqquşması) səbəbilə çağırış daxil olub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.

"Təcili tibbi yardım briqadası tərəfindən 7 nəfərə (6 kişi, 1 qadın) ilkin tibbi xidmət göstərilib və müxtəlif bədən xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda 1 nəfərin (kişi) müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır.

1 nəfər (qadın) ixtisaslı tibbi xidmət almaq üçün Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

Vəziyyəti qənaətbəxş olan 5 nəfər (kişi) isə ambulator müalicə üçün evə buraxılıb", - deyə əlavə edilib.

Qeyd edək ki, "İVECO" və "SAZ" markalı avtobusların toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Balaxanı şossesində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Milli.Az bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "İVECO" və "SAZ" markalı avtobusların toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və "İVECO" markalı avtobusun sürücüsü deformasiyaya uğramış avtobusda sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtobusda sıxılı vəziyyətdə qalan sürücü, Valeh Süleymanovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Milli.Az