Mirzə Ələkbər Sabir adına Bülbülə qəsəbə Mədəniyyət Evində Anım Günü münasibətilə təşkil olunan tədbirdə transgender ifaçının səhnə alması sosial şəbəkələrdə geniş müzakirələr doğurub.
Milli.Az xəbər verir ki, görüntülərdə sənətçinin azyaşlıların qarşısında çıxış etməsi bir sıra insanlar tərəfindən tənqid olunub və narazılıqla qarşılanıb.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanladıq.
Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, M.Ə.Sabir adına Bülbülə qəsəbə Mədəniyyət Evində illik İş Planına uyğun olaraq il ərzində müxtəlif mövzularda mədəni-kütləvi tədbirlər, ədəbi-bədii gecələr və konsert proqramları mütəmadi şəkildə təşkil olunur:
"Bu tədbirlər silsiləsində 27 Sentyabr - Anım Gününə həsr olunmuş konsert proqramı da keçirilib. Proqram çərçivəsində bir neçə sənət nümayəndəsinin çıxışları nəzərdə tutulub.
Qeyd edirik ki, mədəniyyət müəssisələrində təşkil edilən tədbirlərə dəvət olunmuş ifaçılardan hər hansı birinin ifa tərzi və keyfiyyəti ilə əlaqədar sual yaranırsa, bu barədə mütəxəssislərin də rəyi nəzərə alınmaqla gələcəkdə fərqli repertuar və ifaçılara üstünlük verilməsi təmin olunacaq.
M.Ə.Sabir adına Bülbülə qəsəbə Mədəniyyət Evi bildirir ki, gələcək tədbirlərin hazırlanması və icrası zamanı yaradıcılığın və bədii zövqün inkişafı, eləcə də mədəni mühitin zənginləşdirilməsi istiqamətində fəaliyyətini daha böyük əzmlə davam etdirəcək, bu sahədə maraqlı və zövq oxşayan proqramlar təşkil edəcək. Müəssisə bütün sakinləri və mədəniyyətsevərləri bu tədbirlərdə iştirak etməyə və təqdim olunan proqramlardan yararlanmaya dəvət edir".
Aysel Əkbər
Milli.Az