Azərbaycanda fəaliyyət göstərən banklar 2025-ci ilin 3-cü rübü üçün maliyyə hesabatlarını açıqlayırlar.
Milli.Az yeniavaz.com-a istinadən xəbər verir ki, maliyyə hesabatını açıqlayan banklar arasında zərərlə işləyən yeganə bank "Bank BTB" ASC olub.
Bu ilin ilk 3 rübünün yekununda "Bank BTB" ASC-nin xalis zərəri 641 min manat olub.
Qeyd edək ki, 4 ildir "Bank BTB" ASC zərərlə işləyir. Belə ki, 2024-cü ildə bankı xalis zərəri 839 min manat, 2023-cü ildə 2 milyon 779 min manat, 2022-ci ildə 4 milyon 975 min manat, 2020-ci ildə isə 9 milyon 130 min manat olub.
Lakin, maraqlıdır ki, "Bank BTB" ASC maliyyə hesabatları ilə bağlı yaydığı xəbərlərdə zərər etməsiylə bağlı məlumatları göstərmir. Bankın dünən - 14 oktyabr 2025-ci il tarixində rəsmi veb-saytında yerləşdirdiyi xəbəridə yazılır ki, bankın 9 ay üzrə xalis mənfəəti 2,3 milyon manata çatıb. Xəbərdə xalis mənfət olaraq qeyd olunan 2,3 milyon manat əslində bankın xalis mənfəəti deyil, vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mövcud olan mənfəətdir.
Məlumat üçün onu da bildirək ki, "Bank BTB" ASC-nin səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq Rza İsmayıl oğluna, 6%-i isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur.
"Bank BTB"nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlindir. Bankın digər səhmdarı Sadiq Rza İsmayıl oğlu isə onun qardaşıdır.
Onu da qeyd edək ki, Mərkəzi Bank ötən ay Azərbaycanda barəsində ən çox şikayət edilən bankın "Bank BTB" ASC olduğunu açıqlayıb.
Milli.Az