Bakının Nəsimi rayonunda baş verən hadisə sürücüləri çətin vəziyyətə salıb. Yol kənarında park edilmiş avtomobillərin üzərinə tikintisi davam edən binadan taxta parçaları düşüb. Nəticədə bir neçə nəqliyyat vasitəsinə ciddi zərər dəyib.
Milli.Az xəbər verir ki, insident "Invest.M Construction" şirkətinə məxsus yaşayış binasının qarşısında qeydə alınıb.
Zərərçəkən sürücülərdən biri bildirib ki, avtomobilini hər zaman həmin ərazidə saxlayır. Lakin bu dəfə qayıdanda maşınının zədələndiyini görüb. Onun sözlərinə görə, dəyən ziyanın məbləği min manatdan çoxdur.
Eyni sırada park olunmuş digər bir avtomobilə də bənzər şəkildə zərər dəyib, bir çox hissələri sıradan çıxıb.
Şirkətin hüquq məsələləri üzrə nümayəndəsi Yavər Yavərzadə bildirib ki, tikinti sahəsinin hasarlarına xəbərdaredici məlumatlar yerləşdirilib və bu səbəbdən şirkət hadisəyə görə məsuliyyət daşımır:
"Məhkəməyə vermək istəyirlərsə, müraciət edə bilərlər. Məhkəmə bizi təqsirli bilərsə, biz həmin məbləği ödəyəcəyik. Amma vətəndaşlar orda qanunsuz saxlayırlar, dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq".
Zərərçəkmiş şəxslər isə məsələni hüquqi müstəviyə çıxarmaq niyyətindədirlər və aidiyyəti orqanlara şikayət etməyi planlaşdırırlar.
Asya
Milli.Az