"300 min ziyan vurulub bizə" - Sədərəkdə nə baş verir?

15 Oktyabr 2025 11:39

Xəbər verdiyimiz kimi, "Sədərək" Ticarət Mərkəzinin ətrafında sahibkarların öz hesablarına quraşdırdıqları reklam lövhələri Dövlət Reklam Agentliyinin əməkdaşları tərəfindən götürülüb. Lövhələrin əvvəlcədən xəbərdarlıq edilmədən sökülməsi isə ərazidə fəaliyyət göstərən iş adamları ilə Agentlik əməkdaşları arasında narazılığa və gərginliyə səbəb olub.

Milli.Az xəbər verir ki, sahibkarların bildirdiyinə görə, onlar həmin reklam lövhələrinin hazırlanması və yerləşdirilməsi üçün xeyli xərc çəkiblər. Lakin xəbərdarlıq edilmədən lövhələrin sıradan çıxarılması onlara həm maddi, həm də mənəvi ziyan vurub.

"Reklam lövhəmin qarşısında dayandım, dedim ki, xahiş edirəm, toxunmayın. Alıcılar məhz bu plakatlar vasitəsilə mağazamı tapırlar, əks halda satışım düşəcək", - deyə sahibkarlardan biri narazılığını ifadə edib.

Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədimin sözlərinə görə, ümumilikdə sahibkarlara 300 min manata yaxın maddi ziyan dəyib, ümumi ziyan 300 minə yaxındır.

Məsələ ilə bağlı ADRA-dan bildirildi ki, Sədərək ticarət mərkəzindəki reklam qurğuları ticarət mərkəzinin daxilində deyil, xaricində yol kənarlarında açıq şəkildə görünən açıq sahələrə ünvanlanan sahələrdə quraşdırıldığından açıq məkanda reklam hesab edilir. Aparılan monitorinqlər əsasında müəyyən edilib ki, ticarət mərkəzinin kənarında yerləşən bir sıra reklam daşıyıcıları mövcud vəziyyəti reklam qurğularına dair tələblərə cavab vermir. Həyata keçirilən tədbirlər sahibkarlıq fəaliyyətinə müdaxilə deyil,qanunvericiliyin tələblərinin icrasıdır. 

Baş verən hadisə ilə bağlı DİN-dən bildirildi ki, araşdırmalar davam edir. 

Asya
Milli.Az