Etibarnamə ilə avtomobil idarə edənlərin NƏZƏRİNƏ

14 Oktyabr 2025 18:25

Son günlər avtomobilin idarə edilməsinə görə etibarnamə tələbinin ləğv edilməsi ilə bağlı müzakirələr gedir. Bəzi şəxslər hesab edir ki, avtomobili idarə etmək üçün sürücülük vəsiqəsinin olması və sahibinin şifahi razılığı yetərlidir. Təsadüfi deyil ki, MDB ölkələrinin əksəriyyətində etibarnamə tələbi aradan qalxıb.

Bəs, ölkəmizdə də bu təcrübə reallaşa bilərmi

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən nəqliyyat üzrə ekspert Aslan Əsədov etibarnamə tələbinin olmasının əsas səbəblərini qeyd edib:

"Bunun başlıca səbəbi büdcə daxilolmaları ilə bağlıdır. Hər il bu cür əməliyyatlardan dövlət büdcəsinə milyonlarla manat vəsait cəlb olunur. Büdcəyə toplanan vəsaitsə dövlətin və xalqın rifahına sərf olunur. Yəni etibarnamə və digər sənədlər üçün ödədiyimiz vəsait dolayı yolla bir müddət sonra bizə qayıdır. Üstəlik bir insan həyatı boyu avtomobilə görə neçə dəfə etibarnamə verir ki? Ən yaxşı halda 3-4 dəfə. 35-40 ildə bir vətəndaş ən pis halda 100-120 manat əlavə xərcə düşür. Bununla müqayisədə dövlət büdcəsi daha çox qazanır. Dövlətin qazanması isə hər birimizin qazancı deməkdir".

Etibarnamədəki qiymət fərqi nəylə bağlıdır?

Müsahibimiz bildirib ki, bu məsələdə sosial ədalət prinsipi gözlənilir:

"Belə ki, mövcud qaydalara görə kənar şəxsə verilən etibarnəmənin qiyməti ailə üzvlərinə verilən etibarnamənin qiymətindən təqribən 2 dəfə artıqdır. Bu da ona görədir ki, bu gün ölkəmizdə dövriyyəsi on milyon manatlarla ölçülən çoxsaylı şirkətlər var. Belə şirkətlər üçün də ödənilən dövlət rüsumu simvolik xarakter daşıyır. Amma ailə üzvlərinə verilən etibarnamənin qiyməti isə 18 manata yaxındır.

Ola bilsin ki, bu rəqəmə baxmaq olar. Çünki əksər ölkələrdə ailədə olan avtomobildən bütün ailə üzvləri varis kimi istifadə edə bilər. Bunun üçün etibarnamə tələb olunmur. Lakin kənar şəxslərə etibarnamənin verilməsi öhdəliyi var. Bu mənada yaxşı olar ki, avtomobilə aid etibarnamənin müddəti uzadılsın və birinci dərəcəli qohumlara verilən etibarnamənin qiyməti azaldılsın. Düşünürəm ki, sözügedən məsələdə ən optimal variant budur".

Milli.Az