Sosial şəbəkələrdə təbii kosmetik məhsulların satışı aparılır - Qurumlardan AÇIQLAMA

14 Oktyabr 2025 17:55

Son vaxtlar sosial mediada ev şəraitində hazırlanmış krem, sabun, serum və maskaların satışı geniş yayılıb. Bu məhsullar təbii adı altında təqdim olunsa da, əksəriyyətinin nə tərkibi bəllidir, nə də laboratoriya testləri və rəsmi icazələri mövcuddur.

Milli.Az xəbər verir ki, dermatoloq Miryusif Əliyevin sözlərinə görə, tərkibi bilinməyən bu tip kosmetik vasitələr ciddi dəri problemlərinə səbəb ola bilər:

"Ev şəraitində hazırlanan məhsullardan istifadə etdikdə allergik reaksiyalar və digər fəsadlar müşahidə oluna bilər. Həkimlər üçün belə hallarda düzgün müalicə aparmaq çətinləşir".

Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti bildirir ki, qanunsuz və sertifikatsız kosmetik məhsulların satışı yolverilməzdir. İstehlakçılar isə istənilən vaxt məhsulun keyfiyyətini təsdiq edən sənədləri tələb etmək hüququna malikdirlər.

Mütəxəssislər yalnız Səhiyyə Nazirliyi tərəfindən lisenziyalaşdırılmış kosmetik vasitələrdən istifadənin təhlükəsizlik baxımından daha doğru seçim olduğunu vurğulayırlar.

Asya
Milli.Az