Ölkə əhalisinin sayı ilin əvvəlindən 24 611 nəfər və ya 0,24 faiz artaraq 2025-ci il sentyabr ayının 1-i vəziyyətinə 10 249 500 nəfərə çatıb.
Milli.Az xəbər verir ki, bu barədə məlumat 2025-ci ilin yanvar-sentyabr ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.
Bildirilib ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən 01.10.2025-ci il tarixədək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 19 109 nəfərdən ibarət 4 826 ailənin qayıdışı təmin edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, həmin tarixə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı isə 38 304 nəfər təşkil edib.
Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 2 152 nəfər tələbə də nəzərə alınmaqla işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 59 565 nəfər təşkil edib.
Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Milli.Az