İsrailin azad etdiyi fələstinli əsirlər Qəzzada - FOTO

13 Oktyabr 2025 22:04

İsrail və Həmas arasında əldə olunan atəşkəs və əsir mübadiləsi razılaşması çərçivəsində azad olunan fələstinli əsirlər Qəzzə zolağına daxil olub. Onların gəlişi bölgədə böyük sevinc və həyəcanla qarşılanıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, azad edilən əsirlər Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Kerem Əbu Salim sərhəd-keçid məntəqəsindən avtobuslarla Qəzzəyə gətirilib.

Əsirlər əvvəlcə Rafahın şimalındakı Morac bölgəsinə gətirilib, daha sonra tibbi müayinədən keçmək və təşkil olunacaq mərasimdə iştirak etmək üçün Xan Yunusdakı Nasir Xəstəxanasına aparılıb. Azad olunanları qarşılamaq üçün minlərlə fələstinli əraziyə axışıb.

İsrailin 8 oktyabr 2023-dən razılaşmanın qüvvəyə mindiyi günə qədər Qəzzə zolağına endirdiyi hücumlarda 67 min 682 nəfər həyatını itirib,170 min 33 nəfər yaralanıb.

Qəzzədə azad olunan əsirlərin qarşılanması bölgədə həm kədərli keçmişin, həm də ümid dolu yeni mərhələnin simvolu kimi dəyərləndirilir.

Lalə Qüdrətova
Milli.Az