Netanyahu böhranı - Ərdoğan təyyarəni Misirə endirmədi

13 Oktyabr 2025 21:28

Qəzza zirvəsində gözlənilməz gərginlik yaşanıb. Prezident Rəcəb Tayyib Ərdoğanı Misirə aparan təyyarə, Benyamin Netanyahunun zirvəyə qatılacağı xəbəri yayıldıqdan sonra Şarm Əl-Şeyx Hava Limanına eniş etməkdən imtina edib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident təyyarəsi eniş zolağına yaxınlaşdığı vaxt qəfil qərar dəyişib və havaya qalxaraq Qırmızı dəniz üzərində gözləmə manevri edib. Daha sonra İsrail tərəfindən Netanyahunun zirvəyə gəlməyəcəyi açıqlanıb və bundan sonra təyyarə hava limanına eniş edib.

Jurnalistlərin verdiyi məlumata əsasən, Ərdoğan Netanyahunun zirvədə olacağını eşidən kimi "təyyarəni endirməyin" əmri verib və bu qərar rəsmi kanalla Misir tərəfinə çatdırılıb. Netanyahunun iştirak etməyəcəyi rəsmən bəyan olunandan sonra Türkiyə təyyarəsi enişə icazə verib.

Ülke TV-nin baş redaktoru Hasan Öztürk həmin anları belə təsvi edib:

"Biz havada olduğumuz zaman Tramp İsraildə Netanyahu ilə görüşüb və sonra Sisi ilə danışaraq Netanyahunun zirvəyə dəvət edilməsini istəyib. Təyyarədə bir anda 'Netanyahu Şarm Əl-Şeyxə gəlir' xəbəri yayıldı. Təyyarə eniş üçün təkərləri açdığı zaman qəfil yenidən havaya qalxdıq. Sonra Netanyahunun gəlməyəcəyi xəbəri gəldi və təyyarə geri dönüb eniş etdi."

Netanyahu gərginliyinə baxmayaraq, təyyarə eniş etdikdən sonra Prezident Ərdoğan Misir Prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən rəsmi şəkildə qarşılanıb.

Lalə Qüdrətova
Milli.Az