Sosial şəbəkələrdə gündəm olan Qərənfilin iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2025 17:40

Son günlər sosial şəbəkələrdə İsmayıllı rayonunun Qalınçaq kənd sakini Qərənfil adlı qadının videoları tirajlanmaqdadır.

Milli.Az xəbər verir ki, orta yaşlı qadın çəkdiyi videolarda həmkəndlisi olan bir neçə nəfərin adını çəkərək onlar barəsində müxtəlif iddialar səsləndirib.

O, kənd sakinlərindən bir neçə nəfərə borc verdiyini və pulunu geri ala bilmədiyini deyib. Qadın adını çəkdiyi şəxslərin narkotik istifadəçisi olduğunu, evindən ona məxsus əşyaları və ev heyvanlarını oğurladıqlarını, hətta onu evini yandırmaqla hədələdiklərini iddia edib.

Bu yaxınlarda sözügedən kənd sakini Seymur Kərimov da iddialara cavab verərək barəsində deyilənlərin həqiqəti əks etdirmədiyini söyləyib.

Sosial şəbəkə istifadəçilərinin bir qismi Qərənfil adlı qadının əqli məhdudiyyətli olduğunu iddia ediblər.

Videoları yüzminlər tərəfindən izlənən qadının çıxışları sosial şəbəkələrdə zarafat mövzusuna çevrilsə də, həyatının təhlükədə olması ehtimalı bəzi insanları narahat etməyə başlayıb.

Ölkə.Az məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb. DİN-in Şəki Regional qrupundan Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Qalınçaq kənd sakininin iddiaları bir müddət əvvəl araşdırılıb və təsdiqini tapmayıb. Onun səsləndirdiyi fikirlərin əssassız olduğu qeyd edilib.

Milli.Az