Qəzzada tarixi an başladı - FOTO

13 Oktyabr 2025 09:53

İsrailin Qəzza zolağında iki ildir davam edən hücumlarının ardından kritik mərhələyə keçilib. Qəzzadakı israilli əsirlərin azad edilməsi prosesi rəsmi olaraq başlayıb.

Milli.Az xəbər verir ki, HAMAS bu gün səhər saatlarında 7 israilli əsiri Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib, daha 20 nəfərin isə gün ərzində azad ediləcəyi gözlənilir. İsrail ordusu Qızıl Xaç nümayəndələrinin əsirlərin təhvil veriləcəyi Qəzza zolağının şimal hissəsinə doğru yola çıxdığını açıqlayıb. İsrail mediası məlumat verir ki, azad edilən əsirlər Netzarim dəhlizində İsrail tərəfinə təhvil veriləcək, həyatını itirən 28 nəfərin cənazələri isə iki saat sonra İsrailə çatdırılacaq.

Əsirlərin ailələri İsrail bayraqları ilə yaxınlarını qarşılamaq üçün gözləyir. Azad edilən israillilər Qəzzadan Re'im bölgəsinə gətirilərək ailələri ilə görüşdürüləcək.

Milli.Az