“Aytacı asandan sonra 3 aylıq uşağımızın ağladığını eşitdim...”

11 Oktyabr 2025 16:50

Naxçıvanda 4 il əvvəl evləndiyi arvadını asıb öldürməkdə ittiham olunan 34 yaşlı Azər İbrahimlinin məhkəməsi başa çatıb.

"Qafqazinfo" Sədərək rayonunun eyniadlı kəndində baş verən qandonduran cinayətin detallarını əldə edib. Azər Ağcabədidən olan həyat yoldaşı Aytac İbrahimli ilə "TikTok"da tanış olub, cütlük bir neçə ay sonra ailə qurub. Kənd evində kirayə yaşamış ailənin birgə nikahdan iki övladı var.

Azər cinayət törətməmişdən bir neçə ay əvvəl TIR sürücüsü işləməyə başlayıb. O, mütəmadi olaraq Gürcüstana gedib-gəlib. Belə səfərlərin birində kafedə ofisiant işləyən qızla tanış olub, aralarında münasibət yaranıb.

Kişi Naxçıvanda olan vaxtlarda da həmin qızla vatsap proqramı vasitəsilə danışdığı üçün həyat yoldaşında şübhə yaradıb. Qadın ərinin vatsap hesabını gizli şəkildə öz telefonuna quraşdırdıqdan sonra hər şeyi öyrənib.

Bundan sonra cütlüyün onsuz da soyumağa başlayan münasibətləri daha da pisləşib. Bir gün sonra Aytac yenidən ərindən şübhələnərək ona irad bildirib, yaranan mübahisə nəticəsində isə ər arvadına şillə, təpik və yumruqla vuraraq onu halsız vəziyyətdə çarpayıya yıxıb.

Azər bununla da sakitləşməyib, arvadından birdəfəlik canını qurtarmaq üçün onu öldürməyi qətiləşdirib. Bu məqsədlə eyvandakı paltar ipini kəsib, Aytacın boğazına keçirib və ayağının altına qoyduğu stulu itələyərək onu qəsdən öldürüb.

Azər arvadının ölümünü intihar kimi təqdim etmək istəsə də, bir neçə gün sonra cinayətinin üstü açılıb. O, polis əməkdaşları tərəfindən tutulub. Özü ifadələrində cinayətini etiraf edib. Son vaxtlar Aytacla davamlı mübahisə etdiyini, onu bezdirdiyini deyib: "Həddən artıq qısqanc və əsəbi idi. Hər xırda şeyə görə mübahisə edirdi. Hətta dostlarımla görüşməyə gedəndə belə qısqanırdı. Gürcüstandakı qızla danışdığımı öyrənəndən sonra da vəziyyət lap pisləşdi. Amma heç vaxt onu öldürməyi düşünməmişdim. Sadəcə sonuncu gün əsəblərimi cilovlaya bilmədim. Aytacı asandan sonra özümü öldürmək istədim. Bu vaxt o biri otaqda 3 aylıq uşağımın ağladığını eşitdim. Uşağı sakitləşdirən vaxt Aytacı öldürdüyüm üçün peşman oldum, tez yanına qayıtdım. Hələ bədəni isti olduğu üçün ölmədiyini düşündüm, təcili yardım çağırdım. Həkimlər gələnə qədər Aytaca su içirdim, ürəyini masaj etdim. Heç vaxt onu öldürmək fikrində olmamışam. Sadəcə bir anlıq əsəbiləşdiyim üçün belə oldu".

Aytacın atası da məhkəmədə ifadə verib. Hüquqi varis Azəri doğma oğlundan da çox istədiyini, ona hər cür dəstək göstərdiyini deyib: "Mən heç vaxt Azərə pis olmamışam. Ona maşına qədər alıb vermişdim. Övladları dünyaya gələndə xəstəxanadan mən çıxarmışam. Həmin gün prokuror zəng edib "qızın intihar edib" deyəndə inanmadım. Dedim ki, mənim qızımın iki övladı var, heç vaxt canına qıymaz. Sonra da əsl səbəb bilindi. Günahsız qızımı asdığına və övladlarına atalıq etmədiyinə görə haqlı cəza almasını istəyirəm".

Azərin Gürcüstanda tanış olduğu qadının dedikləri isə ittihamı daha da möhkəmləndirib: "Həyat yoldaşı ilə xoşbəxt olmadığını, boşanmağa hazırlaşdığını deyirdi. Mən də ona demişdim ki, nə vaxt boşansa, onda yanında ola bilərəm. Həmçinin "Aytac bir gün əlimdə qalacaq", "Evdə onu öldürəcəyəm" kimi sözlər deyirdi. Azəri bloka atsam da, başqa nömrələrdən mənə zəng edirdi. Sonuncu dəfə Aytac onun telefonundan mənə zəng edib təhqir etdi. Bir neçə saat sonra da öldüyünü eşitdim."

Məhkəmə yekunda toplanmış sübutlar və şahid ifadələri əsasında Azər İbrahimlini qəsdən adam öldürməkdə təqsirli hesab edib. Ona 13 il müddətinə həbs cəzası verilib.

Milli.Az