Pop musiqisinin əfsanəsi Maykl Ceksonun bəzi qeyri-adi məişət vərdişləri onun "Smelly" ("Qoxulu") ləqəbini qazanmasına səbəb olub.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə amerikalı müğənni Layonel Riçi öz xatirə kitabı "Truly"də yazıb. Onun sözlərinə görə, Ceksonla yaxın dost olan Riçi bir müddət sonra müğənninin qəribə davranışlarının şahidi olub:
"Maykl sanki diqqətsiz bir professor idi. Eyni zamanda, uşaq kimi saf və impulsiv davranırdı", - deyə o qeyd edib.
Riçinin sözlərinə görə, tanınmış bəstəkar və prodüser Kvinsi Cons tez-tez Ceksona "Smelly" deyə müraciət edirmiş. Müğənni bu ləqəbi zarafatla qəbul etsə də, onun yaranma səbəbi bir qədər fərqli olub - Cekson bəzən günlərlə paltarını dəyişmir və ütüləmirdi.
"O, daim səfərlərdə olurdu, konsertlərdən konsertlərə qaçırdı. Buna görə də gündəlik məişət işlərinə, o cümlədən geyimlərinə diqqət yetirməyə vaxt tapmırdı", - Riçi əlavə edib.
Məlumata görə, Cekson geyimlərini kimyəvi təmizləməyə də vermirdi, çünki paltarlar çox vaxt geri qaytarılmırdı - əməkdaşlar onları xatirə kimi saxlayırdılar.
"Bəzən mənim yanıma gələndə üzərində təsadüfi geyimlər olurdu - cins və köynək. Cinslər çox vaxt düşürdü və... necə deyim, xoşagəlməz qoxu hiss olunurdu," - deyə Riçi xatırlayıb.
Qeyd edək ki, daha əvvəl Ceksonun keçmiş ev qulluqçuları da onun gigiyenik vərdişlərinin zəif olduğunu, müğənninin "Hollivudun ən çirkli ulduzu" adlandırıldığını iddia etmişdilər.
Musa
Milli.Az