Putindən Qəzzada atəşkəslə bağlı diqqətçəkən açıqlama

10 Oktyabr 2025 21:31

Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə hazırlanan və Qəzza Zolağında daimi atəşkəsi hədəfləyən "Qəzza Planı" barədə ilk dəfə danışıb.

Milli.Az xəbər verir ki, Putin bildirib ki, "Tramp bəzi məsələlərdə uğurlu, bəzi məsələlərdə isə deyil, amma o, çətin böhranları həll etmək üçün səy göstərir. Əgər Qəzza Planını uğurla həyata keçirə bilsə, bu, tarixi hadisə olacaq."

Putin bu fikirləri Tacikistanda keçirilən MDB Zirvəsi çərçivəsində təşkil olunan mətbuat konfransında səsləndirib.

Putin, Qəzzada atəşkəs razılaşmasının icrası ilə bağlı Rusiyanın mümkün roluna da toxunub:

"Barış prosesinə bizim də qatılmağımız lazım ola bilər. Rusiya, Qəzzada yaranmış vəziyyətin həlli üçün təklif verə biləcək gücə malikdir. Razılaşmaların icrası zamanı yarana biləcək problemlərin aradan qaldırılması üçün Rusiyanın öz tövsiyələri ola bilər."

Jurnalistlərin Trampın Qəzza Planı ilə bağlı "Rusiya bizi dəstəkləyir" açıqlamasını xatırlatmasına Putin belə cavab verib:

"Əsl əsas məsələ Fələstin dövlətinin yaradılmasıdır. Planı tam olaraq incələməmişəm, amma məlumatlara görə, idarənin mərhələli şəkildə Fələstin tərəfinə təhvil verilməsi və təhlükəsizliyin təmin olunması üçün sülhməramlı qüvvələrin yerləşdirilməsi nəzərdə tutulur. Orta Şərqdə vəziyyət son dərəcə həssasdır. Tramp bu planı gerçəkləşdirə bilsə, bu, tarixi uğur olar."

Putinə həmçinin Trampın Nobel Sülh Mükafatına namizədliyi ilə bağlı sual da verilib. Rusiya lideri buna belə cavab verib:

"Trampın Nobel Sülh Mükafatına layiq görülüb-görməməsi barədə qərar vermək mənlik deyil. Amma o, uzun illərdir davam edən böhranların həlli üçün çox şey edir. Trampın Ukrayna böhranını həll etmək istəyində səmimi və qətiyyətli olduğuna inanıram. Bəzi məsələlərdə uğur qazansa da, bəzilərində çətinliklər yaşayır, lakin çətin böhranları həll etmək üçün çalışır."

Lalə Qüdrətova
Milli.Az