"Fənərbağça" rəhbərliyinin "səbr kasası daşdı": Maaşı 21 milyon avro olan ulduz barədə yeni QƏRAR

10 Oktyabr 2025 12:02

"Fənərbağça"nın kolumbiyalı hücumçusu Con Duran uzun fasilədən sonra yenidən meydana qayıtmağa hazırlaşır.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, artıq fərdi şəkildə məşqlərə başlayıb və qarşıdakı günlərdə tədricən komanda ilə birgə hazırlıqlara qoşulacaq. Klub 21 yaşlı forvet üçün xüsusi bərpa və fiziki hazırlıq proqramı hazırlayıb.

Xatırladaq ki, "Al-Nassr" qış transfer pəncərəsində Duranın transferi üçün 77 milyon avro ödəmiş, daha sonra futbolçu Fenerbahçəyə icarəyə verilmişdi. Gənc hücumçudan böyük gözləntilər olsa da, o, yalnız "Feyenoord"a qarşı 5:2 hesabı ilə qazanılan oyunda qol vurmuşdu. Avqustun 27-də "Benfika" ilə matçda meydana daxil olduqdan 25 dəqiqə sonra zədələnən Duran o vaxtdan bu yana forma geyinməyib.

Məlumata görə, futbolçu "Barselona"da xüsusi inyeksiya müalicəsi alıb, lakin ağrıları uzun müddət keçməyib. Son çəkilən MRT nəticələri təmiz olsa da, futbolçu ağrılar səbəbindən məşqlərə qatılmayıb. İndi isə o, fərdi proqramla çalışır və milli fasilə dövründə həm fərdi, həm də komandaya inteqrasiya xarakterli məşqlər edəcək.

Digər tərəfdən, "Fənərbağça" rəhbərliyinin Duranla bağlı səbirli davranmaq istəmədiyi iddia olunur. İllik maaşı 21 milyon avro olan futbolçunun bərpa prosesi uzandığı halda, klubun qış fasiləsində onunla yolları ayırmağı planlaşdırdığı bildirilir.

Qeyd edək ki, bu mövsüm Duran komandada əsas heyət uğrunda mübarizə aparsa da, ardıcıl zədələr onun çıxışını məhdudlaşdırıb. Rəhbərlik onun son durumu ilə bağlı yekun qərarı məşqlərdə göstərəcəyi performansa əsasən verəcək.

Tural
Milli.Az