HƏMAS davamlı atəşkəsin başladığını elan etdi

9 Oktyabr 2025 23:28

HƏMAS İsraillə əldə olunan razılaşma əsasında Qəzzada daimi atəşkəsin başladığını elan edib. Hərəkatın liderlərindən Xəlil əl-Həyyə rəsmi açıqlamasında bildirib ki, qarşılıqlı əsir mübadiləsi həyata keçiriləcək və Refah Sərhəd Keçidi hər iki istiqamətdə açılacaq.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Xəlil əl-Həyyə bildirib: "Qəzzada davam edən müharibə bu gün etibarilə başa çatdı. Daimi atəşkəs rəsmən başladı. İsrail həbsxanalarında saxlanılan 1 950 qadın və uşaq azad ediləcək. Refah Sərhəd Keçidi iki tərəfli olaraq açılacaq. Türkiyə, Misir və Qətərə vasitəçiliklərinə görə dərin təşəkkürümüzü bildiririk."

HƏMAS əlavə edib ki, onlar ABŞ və digər vasitəçilərdən zəmanət aldıqlarını və müharibənin tam olaraq dayandırıldığını təsdiqləyiblər.

Atəşkəs Misirdə keçirilən dolaylı danışıqlarda əldə olunub.

ABŞ Prezidenti Donald Tramp razılaşmadan sonra bəyan edib:

"Qəzzada müharibəyə son qoyduq və daha genişmiqyaslı sülh prosesi başladıldı. Türkiyə, Qətər və Misirə təşəkkür edirəm. Bütün əsirlərin azad edilməsi gözlənilir və bunun bazar ertəsi və ya çərşənbə axşamı baş tutacağı planlaşdırılır. Qəzzanın yenidən qurulması üçün yeni razılaşmalar imzalanacaq."

İsrail tərəfi ilkin açıqlamasında bildirib ki: "Atəşkəs yalnız hökumət tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək."

İsrail mediası hökumətin təhlükəsizlik kabinetinin yerli vaxtla 17:00-da toplanacağını və Misirdə əldə olunan razılaşmanın rəsmi təsdiq üçün müzakirəyə çıxarılacağını yazıb.

Lalə Qüdrətova
Milli.Az