"iPhone" istifadəçilərinə şad xəbər - "WhatsApp"a bu funksiyası gəldi

9 Oktyabr 2025 15:39

Dünyanın ən məşhur mesajlaşma platformalarından biri olan "WhatsApp", "iPhone" istifadəçiləri üçün uzun müddətdir gözlənilən mesaj tərcüməsi funksiyasını istifadəyə verib.

Milli.Az xəbər verir ki, bu funksiya əvvəllər yalnız "Android" cihazlarında mövcud idi və indi iOS versiyasında da əlçatandır. Beləliklə, müxtəlif dillərdə mesajlaşan istifadəçilər proqramdan çıxmadan mətni dərhal tərcümə edə biləcəklər.

Yeni funksiya ilə mesajı uzun müddət basıb, görünən menyudan "Daha çox..." seçimini seçərək, alt menyudan "Tərcümə et" düyməsi ilə mesajı istədikləri dilə çevirə bilərlər. Tərcümə üçün lazımlı dil paketləri isə proqram daxilindən endirilir və əlavə alətə ehtiyac qalmır.

"WhatsApp" bildirir ki, yeni tərcümə funksiyası təkbətək söhbətlərdə olduğu kimi, qrup söhbətlərində və kanal yeniləmələrində də aktivdir. Android istifadəçiləri isə avtomatik tərcümə seçimini aktiv edərək gələcək mesajların tərcüməsini avtomatik edə bilərlər.

Şirkət vurğulayır ki, tərcümə prosesi cihaz daxilində həyata keçirilir və məlumatlar üçüncü tərəflərə göndərilmir, bu da istifadəçilərin məxfiliyini qoruyur.

"iPhone"da funksiya ilk olaraq 19 dildə mövcuddur. "Android"də isə əvvəlcə ingilis, ispan, hindi, portuqal, rus və ərəb dilləri dəstəklənirdi. "WhatsApp" gələcəkdə dəstəklənən dillərin sayını artırmağı planlaşdırır.

Fidan
Milli.Az