Şimali Koreya lideri Kim Çen In Pxenyandakı Mansude Teatrında keçirilən konsertdən sonra rusiyalı müğənni Şaman (Yaroslav Dronov) ilə səhnədə qucaqlaşıb.
Milli.Az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Tədbir Koreya Fəhlə Partiyasının yaranmasının 80 illiyinə həsr olunmuş qala konsert idi. Konsertdə həmçinin Pyatnitski Dövlət Xalq Xoru, Alla Duxovanın "Todes" balet teatrı və Rusiya Hərbi Hava Qüvvələrinin mahnı və rəqs ansamblı çıxış edib.
Şaman avqust ayında da Koreyanın Yapon işğalından azad olunmasının 80 illiyi münasibətilə keçirilən tədbirdə çıxış etmişdi. O zaman Kim Çen In və Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin də tədbirdə iştirak etmişdi.
Konsertdən əvvəl Kim Çen In Koreya Fəhlə Partiyası Tarixi Muzeyini ziyarət edərək çıxış edib və partiya üzvlərini bürokratiyadan, fürsətpərəstlikdən və səlahiyyətlərdən sui-istifadədən uzaq durmağa çağırıb.
İsmayıl
Milli.Az