Avropa ölkəsindən İsrailə qarşı silah embarqosu qərarı

8 Oktyabr 2025 22:10

İspaniya parlamenti İsrailə silah embarqosu tətbiq olunması barədə qərar qəbul edib. Qərar 178 lehinə, 169 əleyhinə səslə təsdiqlənib. Bu addım, Madriddə İsrailin Qəzzadakı hərəkətlərinə qarşı artan etirazların fonunda atılıb və iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, qərarın məqsədi, İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlara qarşı beynəlxalq təzyiqi artırmaq və Fələstin xalqına dəstək göstərməkdir.

İspaniya hökuməti hələ ötən həftə, Qəzzadakı vəziyyətlə bağlı 23 sentyabr tarixində Nazirlər Kabinetində qəbul edilmiş sanksiya paketini həyata keçirməyə başlamışdı.

Rəsmi sənədlərdə qeyd olunur ki, Guardian Homeland Security S.A. şirkətinin İspaniyada təmsil etdiyi İsrailli IMI Systems LTD şirkətindən 6,6 milyon avro dəyərində 9x19 mm mərmi alınması müqaviləsi də ləğv olunub. Bu, Daxili İşlər Nazirliyinin İsrailli şirkətlə qüvvədə olan son müqaviləsi idi.

İspaniya hökuməti May 2024-cü ildən etibarən Fələstin Dövlətini rəsmi şəkildə tanıyıb. Bu qərardan sonra İsrail Madriddə səfirlik səviyyəsində diplomatik nümayəndəlik fəaliyyətini dayandırıb.

Yeni embarqo qərarı, İspaniyanın İsrailə qarşı atdığı ən sərt diplomatik və iqtisadi addımlardan biri hesab olunur.

Lalə Qüdrətova
Milli.Az