6-8 oktyabr tarixlərində Şəki Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində keçirilən bədii gimnastika üzrə yarışlar başa çatdı.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu mötəbər turnirdə Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan, Türkiyə, Tacikistan, Qırğızıstan, Kuba, Rusiya və Belarus olmaqla, ümumilikdə 9 ölkədən 86 gimnast və 9 qrup komandası mübarizə aparıb.
Ölkəmizi fərdi proqramda Şəms Ağahüseynova, Azadə Atakişiyeva, Fidan Qurbanlı və Nur Sadıqova, gənclərdən ibarət qrup hərəkətlərində isə Nəzrin Salmanlı, Nəzrin Abdullayeva, Ayan Nəsirova, Şəms Müvəffəqi və Nilufər Oruclu təmsil ediblər.
Təsnifat mərhələsinə əsasən gimnastlarımız bütün proqramlarda final mərhələsinə yüksəliblər. Finallarda gimnastlarımız bizi sevindiriblər. Belə ki, Azadə Atakişiyeva çoxnövçülük, top və lent ilə proqramlarda gümüş medal, Nur Sadıqova halqa ilə çıxışda bürünc medal qazanıb. Qrup hərəkətləri komandası 5 halqa və 5 cüt gürz ilə proqramlarda bürünc medala yiyələnib. Fidan Qurbanlı gürzlərlə proqramda gümüş medal qazanıb. Qızlarımız komanda hesabında bürünc medalın sahibi olublar.
Üç gün davam edən yarışlar nəticəsində gimnastlarımız ölkəmizə ümumilikdə 8 medal qazandırıblar.
Milli.Az